Accessibility links

Rusiya Ukraynanın 35 pilotsuz təyyarəsinin vurulduğunu bildirib


Bazar günü ruslar prezident Vladimir Putinin hakimiyyətinin daha altı il müddətinə uzadılması üçün keçirilən prezident seçkilərinin son günündə səs verərkən Ukrayna yeni kütləvi dron hücumları dalğası başladıb.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 4-ü Moskva vilayətində olmaqla, 35 Ukrayna pilotsuz təyyarəsinin vurulduğunu bildirib. Moskva meri Sergey Sobyanin bazar günü səhər paytaxtın Domodedovo hava limanı yaxınlığında beşinci pilotsuz təyyarənin vurulduğunu təsdiqləyib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Müdafiə Nazirliyinin məlumatına görə, daha iki pilotsuz uçuş aparatı Rusiya paytaxtının cənubunda yerləşən Kaluqa vilayəti və Moskvanın şimal-şərqindəki Yaroslavl vilayəti üzərində vurulub. Ukrayna sərhədindən təxminən 800 kilometr (500 mil) məsafədə yerləşən Yaroslavl bölgəsinə edilən hücumlar Ukraynanın indiyədək həyata keçirdiyi ən uzaq hücumlardan biridir.

“Daha çox Ukrayna pilotsuz təyyarələri Ukrayna ilə həmsərhəd Belqorod, Kursk, Rostov vilayətləri və Krasnodar vilayətinin cənubunda vurulub”, Müdafiə Nazirliyi bildirib.

Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib ki, bazar günü Ukrayna atəşi 16 yaşlı qızın ölümünə, atasının isə yaralanmasına səbəb olub. Regional hakimiyyət orqanlarının məlumatına görə, dron Krasnodar vilayətində neft emalı zavodunun üzərinə düşərək, yanğına səbəb olub. Yanğın bir neçə saat sonra söndürülüb. Rəsmilərin bildirdiyinə görə, zavodun işçisi ürək tutmasından dünyasını dəyişib.

Neftayırma zavodları və neft terminalları Ukrayna pilotsuz təyyarələrinin hücumlarının əsas hədəfi olub.

Hücumlar Putinin Ukraynanın sakinləri qorxutmaq və Rusiyada prezident seçkilərini pozmaq cəhdi kimi təsvir etdiyi son bir neçə gün ərzində Ukraynanın digər pilotsuz təyyarələrinin reydlərindən və digər hücumlardan sonra baş verib.

Forum

XS
SM
MD
LG