Accessibility links

Əziz Orucovun səhhətinin pisləşdiyi bildirilir


Əziz Orucov
Əziz Orucov

“Kanal 13” İnternet Televiziyasının rəhbəri Əziz Orucovun həbsxanada səhhətinin pisləşdiyi bildirilir. Bu barədə jurnalistin həyat yoldaşı Lamiyə Orucova məlumat verib.

“Uzun müddət idi ki, Əziz Orucovun nevroloji problemləri var idi. Nəfəs darlığından əziyyət çəkirdi, əsəbdən əlləri əsirdi. Görüşdə olarkən əllərini cibində gizlədirdi ki, biz görməyək. Martın 15-də axşam yenidən vəziyyəti pisləşib və sabahsı gün təcili tibb müəssisəsinə köçürülüb”, o bildirib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

"Kanal 13" İnternet Televiziyasının rəhbəri Əziz Orucov ötən ilin noyabrın 27-də saxlanılıb. Bakı Şəhər Səbail Rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 188.2-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma, icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddələri üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini bildirir.

"Kanal 13"ün əməkdaşı Rüfət Muradlı isə dekabrın 7-də 30 sutkalıq inzibati həbs cəzasına məhkum edilib.

Dekabrın 11-də məhkəmə qərarı ilə Azərbaycanda "Kanal 13"-ün internet səhifəsinə giriş məhdudlaşdırılıb.

"Kanal 13" internet televiziyasının əməkdaşı Şamo Eminov barəsində isə qaçaqmalçılıq maddəsi ilə cinayət işi açılıb. Məhkəmə Eminov barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Ailəsinin məlumatına görə, Şamo Eminov dekabrın 22-də Səbail Rayon Polis İdarəsinə aparılıb. Şamo Eminov saxlanıldıqdan 4 gün sonra ailəsi ilə Bakı İstintaq Təcridxanasından əlaqə saxlaya bilib.

"Kanal 13" 2008-ci il noyabrın 10-dan yayımlanır. Televiziyanın YouTube kanalında 1 milyon 590 min abunəçisi var. Televiziya YouTube kanalında 37 mindən çox video yerləşdirib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG