Accessibility links

Əfqanıstanda yeni tədris ili başlasa da, qızların orta siniflərdə təhsili hələ də qadağandır


Əfqanıstanda çərşənbə günü yeni tədris ili başlasa da, fundamentalist Taliban hökuməti yeniyetmə qızların ardıcıl üçüncü il orta siniflərə qoşulmasını qadağan edir.

Taliban Təhsil Nazirliyi yeni tədris ili ilə bağlı verdiyi açıqlamada müəllim və şagirdlərdən "Görünüşlərində İslam prinsiplərinə" əməl etmələrini və "İslam və əfqan adətlərinə" zidd olan geyimlərdən çəkinmələrini istəyib.

Bununla belə, qızlar üçün orta məktəblərin bağlanmasına toxunulmayıb. Taliban qızların altıncı sinifdən sonra təhsilini dayandırıb və bir çox əfqan qadına dövlət və özəl iş yerlərində işləməyə qadağa qoyub. Əfqan qadın yardım işçilərinə BMT və digər yardım təşkilatlarında işləmək də qadağan edilib.

Keçmiş əfqan üsyançıları 2021-ci ilin ortalarında ABŞ-ın rəhbərlik etdiyi xarici qüvvələr Talibanla müharibədə 20 illik iştirakdan sonra ölkədən geri çəkildikdə yenidən hakimiyyətə gəlib. Taliban hökuməti o vaxtdan bəri müharibədən əziyyət çəkən, yoxsul Cənubi Asiya ölkəsini idarə etmək üçün İslam qanunlarının sərt təfsirini bərpa edib.

Taliban qadınlara qoyulan məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı beynəlxalq çağırışları rədd edir və bunu Əfqanıstanın daxili işlərinə müdaxilə kimi qiymətləndirir. De-fakto Əfqan hökmdarları qadağanı müdafiə edərək, "İslam prinsipləri" və yerli mədəniyyətə uyğun qadın təhsili sisteminin yaradılması üzərində çalışdıqlarını təkid edir.

BMT-nin insan haqları üzrə ekspertləri əfqan qadınlarına qoyulan məhdudiyyətləri “gender aparteidi” kimi qiymətləndirib və onları dərhal aradan qaldırmağa çağırıblar.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyası və ya UNAMA çərşənbə günü Talibanı qızların təhsilinə “əsaslandırılmayan” qadağaya son qoymağa çağırıb.

BMT qadınlara qoyulan məhdudiyyətləri əsas gətirərək, Talibanın Əfqanıstanı dünya qurumunda təmsil etməsinə icazə vermək tələblərini rədd edib. Heç bir xarici ölkə Talibanı ilk növbədə insan haqları ilə bağlı narahatlığa görə rəsmi olaraq tanımayıb.

ABŞ Dövlət Departamentinin sözçünün müavini Vedant Patel çərşənbə axşamı təkrarlayıb ki, “qondarma Taliban hökuməti” beynəlxalq səviyyədə tanınma istəklərini ifadə etməzdən əvvəl qadınları prioritet hesab etməli və onların hüquqları məsələsini həll etməlidir.

Patel Vaşinqtonda jurnalistlərə deyib ki, "Əfqanıstanın qadın və qızlarına ədalətli münasibət Əfqanıstanla bağlı siyasətimizə dair öhdəliklərimizə gəldikdə bizim ən yüksək prioritetlərimizdən biri olmaqda davam edir".

BMT-nin hesabatında Əfqanıstanda 7000-dən çox qeydiyyatdan keçmiş mədrəsə sənədləşdirilib ki, onların da təxminən 400-ü qızlar üçün nəzərdə tutulub.

Forum

XS
SM
MD
LG