Accessibility links

Rusiyada yaşayan şəxs Azərbaycanda terrorçuluğa hazırlıq ittihamı ilə həbs edilib


Dövlət Təhlükəsizliyi Xidməti
Dövlət Təhlükəsizliyi Xidməti

Azərbaycanın Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun həyatına sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxs həbs edilib.

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətinin məlumatında deyilir ki, Rusiyanın Murmansk şəhərində yaşayan Azərbaycan vətəndaşı Bəhruz Əskərovun digər şəxslərlə əlaqəyə girərək Azərbaycan ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.

“Müəyyən edilib ki, Bəhruz Əskərov Azərbaycanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Həmçinin Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib”, DTX-nin məlumatında deyilir.

DTX bildirir ki, Bəhruz Əskərov tutularaq Cinayət Məcəlləsinin 28, 214.2.1 (terrorçuluğa hazırlıq) maddələri ilə Azərbaycanda cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

“Eyni zamanda müəyyənləşdirilib ki, Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırıb, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib”, məlumatda qeyd edilir.

DTX saxlanılan şəxsin telefon danışıqları əks olunduğu bildirilən video da yayıb.

Videoda Azərbaycanın cənub regionunda Amerika və İsrail vətəndaşlarının müəyyən edilməsi, həmçinin Lənkəranda ingilis dili müəllimi işləyən Amerika vətəndaşının öldürülməsi barədə tapşırıq əks olunan Əskərova məxsus olduğu bildirilən səs yazısı da var.

Bununla yanaşı, Bəhruz Əskərovun yaxınları və vəkilləri onun həbsi barədə məlumata hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG