Accessibility links

Jurnalistin həbsxanada intihara cəhd etdiyi bildirilir


Şamo Eminov (Mənbə: Sosial şəbəkə)
Şamo Eminov (Mənbə: Sosial şəbəkə)

“Kanal 13” internet televiziyasının həbsdə olan əməkdaşı Şamo Eminovun özünə qəsd etdiyi bildirilir. Jurnalist təzyiqə məruz qaldığını, təhdid olunduğunu bildirib. Vəkili Elçin Sadıqovun sözlərinə görə, Şamo Eminov bu barədə martın 29-da məhkəmədə məlumat verib. Şamo Eminov 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. O bildirib ki, təcridxanada dəfələrlə hədələnib, təhqir olunub.

“Dediyinə görə, təhqirlərə dözməyərək intihara cəhd edib,” Elçin Sadıqov bildirib.

Şamo Eminov eyni zamanda, səhhətindəki problemlərə də diqqət çəkib.

Jurnalist kəskin böyrək ağrılarından əziyyət çəkdiyini, həmçinin mədəsində qanaxmalar olduğunu deyib.

Eminovun həyat yoldaşı Dürdanə Eminova da martın 27-də istintaq təcridxanasında onunla görüşdən sonra Şamo Eminovun sağlamlıq vəziyyətinin pisləşdiyi haqda məlumat verib.

Onun sözlərinə görə, Şamo Eminovun mədəsi və qaraciyərində ciddi problemlər var:

“Bir neçə gün əvvəl ağzından qan gəlib,” o deyib.

Dürdanə Eminova həyat yoldaşının Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi üçün müvafiq qurumlara müraciət edib.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən mövqe almaq mümkün olmayıb.

Dekabrdan həbsdə olan Şamo Eminov haqqında istintaq dövrü üçün seçilmiş həbs qətimkan tədbirinin müddəti martın 19-da daha 2 ay uzadılıb.

Onun vəkili Səbail Rayon Məhkəməsinin bu qərarından apelyasiya şikayəti vermişdi.

Martın 29-da Bakı Apelyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyilə sözügedən şikayətə baxılıb və qərar qüvvədə saxlanılıb.

Şamo Eminov “Kanal 13” internet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucovla birlikdə eyni cinayət işi üzrə qaçaqmalçılıqda ittiham olunur.

Əziz Orucov noyabrdan həbsdədir. Şamo Eminovla eyni gündə onun haqqında da həbs qətimkan tədbirinin müddəti 2 ay uzadılıb.

Həm Əziz Orucov, həm də Şamo Eminov onlara Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə verilən ittihamı qəbul etmir.

Onlar təqsirsiz olduğunu vurğulayaraq, “Kanal 13”ün fəaliyyətinə görə cəzalandırıldıqlarını deyirlər.

Son 4 ay ərzində Azərbaycanda müxtəlif media qurumlarını təmsil edən 15-ə yaxın jurnalist qaçaqmalçılıq ittihamıyla həbs olunub.

“Abzas Media”, “Toplum TV” və s. media orqanlarının ofislərində axtarış aparılıb.

İddia olunur ki, adları çəkilən media orqanlarının əməkdaşları xaricdən qaçaqmalçılıq yolu ilə pul gətiriblər.

Lakin jurnalistlər bu ittihamları rədd edir, hakimiyyətdə təmsil olunanların korrupsiya əməllərini ifşa etdiklərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Forum

XS
SM
MD
LG