Accessibility links

İsrail əsgərlərinin Qəzza çimərliyində 2 fələstinlini öldürdüyünü təsdiqləyib


İsrail ordusu, açıq sahədə gəzən bir adamın yerə yıxıldığını, daha sonra buldozerin iki cəsədi zibillə dolu qumun içinə itələdiyini göstərən videoya cavab olaraq, şənbə günü İsrail əsgərlərinin Qəzza çimərliyində iki fələstinlini vuraraq öldürdüyünü, üçüncüsünü isə yaraladığını etiraf edib.

Ordu bildirib ki, əsgərlər həmin şəxslər xəbərdarlıq atəşinə məhəl qoymayandan sonra atəş açıblar.

Video bu həftənin əvvəlində Al Jazeera televiziya şəbəkəsində yayımlanıb. Görüntülərin mənbəyi və tarixi naməlum olaraq qalır. Al Jazeera bildirib ki, bulanıq videoda görünən üç kişidən ən azından ikisi vurulmadan öncə əllərində ağ bayraq dalğalandırıblar.

Bu videodan öncə də son aylarda müharibənin getdiyi Qəzzada fələstinlilərin yaxınlıqdakı İsrail qüvvələrinə az təhlükə yaratdığı halda atəşə tutulduğunu və ya öldürüldüyünü göstərən videolar yayılıb. Yanvarda yayılan görüntüdə ağ bayraq dalğalandıran bir qrupun arasında gəzən bir şəxsin güllələnərək öldürüldüyü göstərilib. Al Jazeera-nın ötən ay yaydığı bir digər videoda İsrailin zərbəsi nəticəsində Qəzzanın cənubunda qumlu yolda gəzən ən azı dörd fələstinlinin öldürüldüyü göstərilib.

İsrail ordusu şənbə günü çimərlikdəki atışmaya cavab olaraq deyib ki, video montaj edilib və Qəzzanın mərkəzinə iki müxtəlif yerdə baş verən iki ayrı insidenti əks etdirir. Al Jazeera bildirib ki, hər iki atışma Qəzza şəhərinin cənub-qərbində çimərlikdə bir-birinə yaxın yerdə baş verib.

Videoda bir kişinin İsrail qüvvələrindən uzaqlaşdığı və daha sonra, güman edilir ki, vurulandan sonra, yerdə düşdüyü göstərilib. Onun bir məqamda əllərini başının üstünə qaldırdığı görünür. Al Jazeera isə onun vurulmadan öncəki saniyələrdə ağ bayrağ dalğalandırdığını bildirir.

Videonun bir digər hissəsində bir başqa fələstinli şəxs yaxınlıqdakı İsrail qüvvələrinə yaxınlaşdığı və Al Jazeera-nın dediyinə görə, ağ bayraq salladığı göstərilib.

Sonda İsrail buldozerinin iki şəxsin cəsədini bir-birinin ardınca qumda sürüklədiyi görünür. Ordu həmin şəxslərin üzərində partlayıcıların olma ehtimalı səbəbilə buldozerdən istifadə olunduğunu bildirib.

Ordu bildirib ki, öldürülən şəxslərin əllərində çanta olub, amma görüntülərdə hər hansı çanta görünmür. Ordu yaralanan şəxsin dindiriləndən sonra sərbəst buraxıldığını bildirib.

Qətərin Al Jazeera şəbəkəsi bildirib ki, videodakı bütün şəxslər münaqişənin əvvəlində didərgin düşdükləri Qəzzanın şimalındakı evlərinə qayıtmağa çalışırdılar. İsrail-HƏMAS müharibəsi altı ay öncə başlayandan bəri ən böyük dağıntılar ərazinin şimalında baş verib. Orada qalanlara isə yardımın çatdırılması çox çətindir.

Fələstinlilər və insan hüquqları qrupları deyir ki, İsrail ordusu Qəzzaya hücumunda qeyri-mütənasib gücdən istifadə edib ki, bu da mülki vətəndaşlar arasında böyük itkilərə səbəb olub. Onlar deyir ki, bu cür öldürmə halları lentə alınsa belə, ordunun araşdırması nadir hallarda əsgərlərin təqsirləndirilməsi ilə nəticələnir. İsrail isə bildirir ki, mülki vətəndaşların ölümünə görə HƏMAS məsuliyyət daşıyır, çünki militantlar mülki ərazilərdə fəaliyyət göstərir. Ordu çimərlikdəki atışma ilə bağlı təhqiqatın aparılıb-aparılmayacağını bildirməyib.

Forum

XS
SM
MD
LG