Accessibility links

İsrail atəşkəs danışıqlarının bərpa olunduğu vaxt Qəzzaya zərbələr endirib


Fələstinlilər İsrailin bombardmanları nəticəsində Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələhdə Əl-Əqsa Şəhidləri Xəstəxanasının qarşısında məcburi köçkünlər üçün müvəqqəti düşərgəyə dəyən ziyanı araşdırır, 31 mart, 2024.
Fələstinlilər İsrailin bombardmanları nəticəsində Qəzza zolağının mərkəzindəki Deyr əl-Bələhdə Əl-Əqsa Şəhidləri Xəstəxanasının qarşısında məcburi köçkünlər üçün müvəqqəti düşərgəyə dəyən ziyanı araşdırır, 31 mart, 2024.

İsrail bazar günü Qahirədə İsrail və HƏMAS arasında münaqişədə atəşkəsə nail olmaq üçün danışıqların bərpa edildiyi vaxt Qəzza zolağına zərbələr endirib.

Şahidlərin bildirdiyinə görə, İsrail hava qüvvələrinin Qəzza zolağının mərkəzində Əl-Əqsa Şəhidləri Xəstəxanasında bir neçə çadırı vurması nəticəsində azı iki nəfər həlak olub. Minlərlə insan döyüşlərə görə evlərini tərk etmək məcburiyyətində qalaraq bu bölgəyə sığınıb. İsrail hərbi qüvvələri insidentlə bağlı açıqlama verməyib.

BMT Təhlükəsizlik Şurasının keçən həftə İsraillə HƏMAS arasında dərhal atəşkəsin əldə edilməsinə və silahlı qrup tərəfindən saxlanılan bütün girovların azad edilməsinə çağıran qətnaməsinə baxmayaraq, bölgədə döyüşlər davam edir.

Müharibənin altı aya yaxınlaşdığı bir vaxtda ABŞ, Qətər və Misir noyabr ayında imzalanan ilk atəşkəsdən bəri yeni atəşkəsə nail olunması və girovların azad edilməsinə vasitəçilik etməyə çalışır.

İsrailin baş naziri Benyamin Netanyahu cümə günü HƏMAS ilə atəşkəs danışıqlarına qayıtmağa razılıq verib.

HƏMAS Qahirədəki danışıqlarda iştirak etmir. Belə ki, bazar günü Reuters xəbər agentliyinə danışan bir rəsmi qrupun İsrailin yeni təklifinin müzakirə mövzusu olub-olmaması ilə bağlı vasitəçilərdən xəbər gözlədiyini bildirib.

HƏMAS daha əvvəl müharibənin dayandırılması və İsrailin Qəzza zolağından tamamilə çıxarılması, yardım və yenidənqurma üçün sərhədlərin açılması və ömürlük həbs cəzası çəkən yüksək rütbəli militantlar da daxil olmaqla, yüzlərlə fələstinli məhbusun azad edilməsi müqabilində bütün qalan girovları azad edəcəyi mərhələli atəşkəs prosesini təklif etmişdi.

Netanyahu HƏMAS-ın şərtlərinin reallıqdan kənar olduğunu deyib və girovlar azad edildikdən sonra İsrailin hücumlarını bərpa edəcəyinə və silahlı qrup məhv edilənə qədər döyüşləri davam etdirəcəyinə söz verib.

ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS-ın 100-ə yaxın girovu və HƏMAS-ın oktyabrın 7-də müharibəyə səbəb olan terror aktı zamanı İsraildə öldürülən 1200-ə yaxın adamın təxminən 30-nun nəşini saxladığı güman edilir.

HƏMAS-ın idarə etdiyi Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, indiyədək İsrailin HƏMAS-ı məhv etmək məqsədilə həyata keçirdiyi cavab kampaniyası nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla 32 mindən çox insan həlak olub, 70 mindən çox insan yaralanıb. İsrail öldürülənlərin üçdə birinin militantlar olduğunu iddia edir.

Anklavın böyük hissəsi döyüşlər nəticəsində dağıntılara çevrilib və Qəzza əhalisinin əksəriyyəti Qəzza zolağının cənubunda sərhəddə yerləşən Rəfah şəhərinə sığınıb.

Forum

XS
SM
MD
LG