Accessibility links

Məhkəmə Tofiq Yaqublunun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib


Tofiq Yaqublu-Milli Şuranın üzvü
Tofiq Yaqublu-Milli Şuranın üzvü

Aprelin 2-də Bakının Nərimanov Rayon Məhkəməsi Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb.

Bu barədə Amerikanınm Səsinə vəkil Aqil Layıc bildirib.

Onun sözlərinə görə, hakim vəsatəti təmin etməyib.

“Həm də bu bizim üçün bir indikator idi. Görək nə istintaq hərəkətləri aparılıb. Həbs qətimkan tədbirinin uzadılmasının başa çatmasına bir həftə vaxt qalıb”, vəkil bildirib.

Vəkil qeyd edib ki, heç bir istintaq hərəkətləri aparılmayıb.

“Əgər istintaq hərəkətləri aparılmayıbsa onun həbsxanada saxlanılması zərurəti də yoxdur. Məhkəmə də vəsatəti təmin etmədi”, o deyib.

Aqil Layıcın sözlərinə görə, Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək.

Tofiq Yaqublunun qızı Nigar Həzi hesab edir ki, atası barədə seçilmiş həbs qətimkan tədbiri digər siyasi məhbuslarda olduğu kimi uzadılacaq.

O, Tofiq Yaqublunun həbsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hər hansı istintaq hərəkəti aparılmadığını düşünür.

Nigar Həzinin bu dediklərinə istintaq orqanı tərəfindən reaksiya verilməyib. Bununla yanaşı, rəsmi qurumlar ibtidai istintaqın nə vaxt başa çatacağı ilə bağlı hələlik açıqlama verməyib. Adətən istintaq başa çatandan sonra cinayət işi məhkəməyə göndərilir və vəkillərin istintaq işi ilə tanış olması üçün imkan yaradılır. Amma bunlar hələ baş verməyib.

Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ötən il dekabrın 14-də həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi başlanıb.

Siyasətçi bundan öncə də dəfələrlə cinayət və inzibati təqiblərə məruz qalıb. Beynəlxalq təşkilatlar onu vicdan məhbusu kimi tanıyıb.

Son aylarda ölkədə qaçaqmalçılıq, sənədsiz torpaq üzərində qanunsuz ev tikmək və başqa ittihamlarla 10 jurnalist və media əməkdaşı həbs edilib.

2023-cü ilin iyul ayında iqtisadçı alim, ADR Partiyasının sədri Qubad İbadoğlu (satış məqsədi ilə saxta valyuta hazırlamaqda ittiham olunur), 2021-ci ilin dekabrından insan hüquqları faəlı Bəxtiyar Hacıyev (Cinayət Məcəlləsinin 8 maddəsi üzrə ittiham olunur) həbs edilib.

Yerli hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda ölkədə ümumilikdə siyasi iddialarla 288 şəxs həbsdədir.

Azərbaycandakı həbslər çoxsaylı beynəlxalq hüquq müdafiə təşkilatları, həmçinin ABŞ Dövlət Departamenti tərəfindən qınanılıb.

Azərbaycan hökuməti isə ölkədə siyasi məhbus kimi tanınan şəxslərlə bağlı beynəlxalq tənqidləri qəbul etmir və qərəzli sayır. Hökumət rəsmiləri Azərbaycanda insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir.

Forum

XS
SM
MD
LG