Accessibility links

AXCP: Siyasi məhbuslarımızın sayı 11 nəfərə çatıb


AXCP-nin qurultayı (Mənbə: AXCP)
AXCP-nin qurultayı (Mənbə: AXCP)

“Azərbaycan hakimiyyəti bir ildən çoxdur ki, fasiləsiz şəkildə siyasi həbslər həyata keçirməklə məşğuldur. Ölkənin tanınmış siyasətçiləri, ictimaiyyət nümayəndələri, jurnalistlər ard-arda şərlənərək həbs olunur. Bütün əvvəlki repressiya dalğalarında olduğu kimi, bu dəfə də həbslər Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) yan keçməyib. Budəfəki siyasi həbslər kampaniyasında AXCP-nin məhbuslarının sayı artaraq 11 nəfərə çatıb”.

Bu barədə AXCP-nin “son repressiyalarla bağlı” bəyanatında deyilir.

“Təkcə sifarişli həbsləri götürsək, sob illər ərzində partiyanın yüzlərlə üzvü uzunmüddətli və inzibati həbs həyatı yaşayıb. Ən axırıncı həbs olunan AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadədir”, sənəddə qeyd edilir.

“Sahib Məmmədzadədən əvvəl eyni ittihamla (narkotik) AXCP üzvləri Elnur Həsən və Elbəyi Kərimov şərlənərək həbs olunub.

AXCP Təşkilat Şöbəsinin əməkdaşı Elxan Əliyev isə bir alqı-satqı əməliyyatında vasitəçilik edərək, qanuni şəkildə komission haqqı qazanmaq istədiyi halda, həbs olunub”.

AXCP bildirir ki, Azərbaycan hakimiyyəti öz tənqidçilərini, müxalifətçiləri şərləyib həbs etməklə kifayətlənmir, üstəlik həbsxanalarda da onlara “işgəncə verir, qeyri-insani münasibət göstərir”.

“AXCP-nin siyasi məhbuslarından Niyaməddin Əhmədov və Şahin Hacı bu günlərdə pis rəftar və işgəncəyə məruz qalıb. Niyaməddin Əhmədov üzləşdiyi haqsızlıqlara görə 10 gündən çox aclıq aksiyası keçirib və yalnız tələblərinin bir qismi yerinə yetiriləndən sonra aclığı dayandırıb. Şahin Hacı isə tamamilə əsassız olaraq əvvəlcə 2 dəfə uzun müddətə cərimə kamerasına (kars) salınıb, daha sonra isə 3 ay müddətinə ciddi rejimli həbs cəzasına məhkum edilib”, sənəddə qeyd edilir.

AXCP bildirir ki, bütün bu həbslər və başqa təqib-təzyiq üsulları partiyanı fəaliyyət imkanlarından məhrum etmək üçündür.

“Bütün bunlara baxmayaraq AXCP özünün həbsdəki fəalları da daxil olmaqla, ölkədəki bütün siyasi məhbusları sonadək müdafiə edəcək”, sənəddə deyilir.

AXCP beynəlxalq təşkilatlara və demokratik dünyaya çağırış edir ki, Azərbaycan hakimiyyəti ilə bütün təmaslarda siyasi məhbusların azadlığı, ölkə vətəndaşlarının fundamental hüquq və azadlıqlarından istifadə edə bilməsi prioritet məqsəd kimi qarşıya qoyulsun.

“Azərbaycanın avtoritar rejimi nəhayət beynəlxalq sanksiyalara məruz qalmalı, müxalifətçilərin, ictimai-siyasi fəalların, jurnalistlərin uydurma ittihamlarına məsul olan vəzifəli şəxslərə qarşı ünvanlı sanksiyalar tətbiq edilməlidir”, bəyanatda qeyd edilir.

Rəsmi Bakı ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib olunmadığnı bildirir.

Bununla yanaşı yerli hüquq müdafiə təşkilatları tərəfindən hazırda ölkədə 288 nəfər siyasi məhbus kimi tanınıb.

Forum

XS
SM
MD
LG