Accessibility links

Netanyahu Əl-Cəzirə xəbər şəbəkəsinin İsraildəki fəaliyyətini dayandıracağını deyir


Netanyahu Əl-Cəzirə xəbər şəbəkəsinin İsraildəki fəaliyyətini dayandıracağını deyir
please wait

No media source currently available

0:00 0:02:39 0:00

İsrailin Baş naziri Benyamin Netanyahu milli təhlükəsizliyə təhdid olaraq xarici şəbəkələrin bağlanmasına icazə verən yeni qanuna əsasən Qətərdə yerləşən Əl-Cəzirə xəbər şəbəkəsinin İsraildəki fəaliyyətini dayandıracağını deyib.


Baş nazir Benyamin Netanyahu X-də yazıb ki, o, yeni qanuna əsasən "terrorçu kanal" adlandırdığı Əl-Cəzirənin bağlanması üçün dərhal hərəkət etmək niyyətindədir. O, Əl-Cəzirənin İsrail təhlükəsizliyinə qarşı hərəkət etdiyini, oktyabrın 7-də HƏMAS qırğını işıqlandırmaqla, İsrail əsgərlərinə qarşı zorakılığın təşviqində fəal iştirak etdiyini bildirib.

İsrail parlamenti Knesset 71 lehinə, 10 əleyhinə səslə qanunu qəbul edib.

"2024-cü ilə qədər "Dəmir qılınclar" əməliyyatı zamanı xarici yayımçıların dövlətin təhlükəsizliyinə xələl gətirməsinin qarşısının alınması ilə bağlı müvəqqəti sərəncamın ikinci və üçüncü oxunuşda qəbul edildiyini və bunun qanun layihəsinə daxil ediləcəyini bildirirəm" - deyə, spikerin müavini Erez Malul bildirib.

Əl-Cəzirə Netanyahunun təhrik iddiasını “təhlükəli gülünc yalan” adlandırıb. Şəbəkə Netanyahunun işçilər və ofislərinin təhlükəsizliyinə görə məsuliyyət daşıdığını bildirib. Dünyada 430 milyondan çox izləyicisi olan şəbəkə cəsarətli və peşəkar adlandırdığı yayımlarını davam etdirəcəyini deyib.

İsrail media analitikləri yeni qanunun əsaslı olduğuna inandıqlarını deyir.

"Dünyadakı insanlar Əl-Cəzirə-nin Qətərin dövlət mediası olduğunu və İsrailə qarşı düşmən gündəmi təbliğ etdiyini anlamır. Müharibə boyu çoxlu yanlış xəbərlər olub və onlar gələcək zərərin qarşısını almaq istəyirlər" - deyə, mediaya nəzarət qrupu olan "Dürüst Yayım"ın icraçı direktoru Gil Hoffman bildirib.

Lakin Hoffman əlavə edib ki, qadağanın təsiri həm xaricdən, həm də İsrailin daxilindən ciddi etirazlarla üzləşən Netanyahu hökuməti üçün daha çox simvolik ola bilər.

“Bunun 45 günlük limiti var. Yenilənə bilsə də, yalnız müharibə zamanı istifadə edilməli olacaq və israillilər müharibənin tezliklə bitəcəyinə ümid edirlər. Mən bunun nə vaxtsa böyük təntənə ilə istifadə olunacaq bir şey olmasını gözləyirəm. Əl-Cəzirə buradan yayımını davam etdirəcək”.

Bu, ABŞ administrasiyasının da diqqətini cəlb edib.

"Belə bir addım narahtlıq doğurur. Biz mətbuat azadlığına inanırıq. Bu, çox vacibdir. Birləşmiş Ştatlar bütün dünya üzrə jurnalistlərin işini dəstəkləyir. Bura Qəzzədəki münaqişə haqqında reportaj hazırlayanlar da daxildir", Ağ Evin mətbuat katibi Karin Jan-Pyer deyib.

Yeni qanun Qətərin müvəqqəti atəşkəs müqabilində onlarla israilli girovun azad edilməsi üçün sövdələşməyə vasitəçilik etməyə çalışdığı bir vaxta təsadüf edir.

Bəzi analitiklər bildirir ki, yeni qanun bu səyləri çətinləşdirə bilər.

Forum

XS
SM
MD
LG