Accessibility links

Blinken Kyivin Rusiyanın nəzarətinə keçməsi ehtimalını istisna edib


ABŞ Dövlət katibi Antoni Blinken Kyivin Rusiyanın nəzarətinə keçməsi ehtimalını istisna edib, eyni zamanda Rusiya və Qərb qüvvələri arasında birbaşa toqquşmanın ABŞ maraqlarına cavab vermədiyini bildirib.

Fransa televiziyasına müsahibə verən Blinken Kyivin Moskvanın nəzarətinə keçmə ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib: “Bu, olmayacaq, heç vaxt olmayacaq. 2022-ci ildə Rusiya təcavüzünün başlanğıcında biz Kyivin süqutunun mümkünlüyünü qəbul etmişdik. Ancaq Ukrayna xalqının inanılmaz müqaviməti və ABŞ, Fransa və digər ölkələrin Ukraynaya göstərdiyi dəstək sayəsində Putinin bütün ölkəni fəth etmək, onu xəritədən silmək, böyük Rusiyanın bir hissəsi etmək istəyi baş tutmadı” Blinken deyib.

Blinken "Ukrayna torpaqlarında Amerika hərbçilərinin olmayacağı" barədə əvvəlki bəyanatını təkrarlayıb.

“Bizim nöqteyi-nəzərimizə görə, bu, Rusiya ilə bizi yol vermək istəmədiyimiz birbaşa münaqişəyə yaxınlaşdıracaq. Bu, bizim və müttəfiqlərimizin maraqlarına uyğun deyil. Bizim üçün bu, milli maraq məsələsidir" - deyə, Blinken qeyd edib.

“Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza uyğun deyil. Düşünmürəm ki, bu, heç bir NATO üzvünün maraqlarına uyğun deyil. Ancaq eyni zamanda bir qətiyyət, bir inam var ki, biz Ukraynanı dəstəkləmək üçün mümkün olan hər şeyi etməliyik və bunu təkcə bu il deyil, növbəti illərdə də etməliyik” Dövlət katibi əlavə edib.

Amerika diplomatiyasının rəhbərinə Rusiya prezidenti Vladimir Putinin Braziliyada keçiriləcək növbəti G20 toplantısında mümkün iştirakının faydalı olub-olmayacağı ilə bağlı sual verilib.

"Bütün [G20] üzvləri arasında konsensus varsa, bəli. Bu vəziyyətdə bunun necə faydalı ola biləcəyini və üzvlər arasında konsensusun necə əldə oluna biləcəyini görmək çətindir. İdeya heç vaxt Rusiyanı və ya Putini istisna etmək olmayıb" - deyə, Blinken cavab verib.

"Rusiyanın G20, G7 və dünya ilə münasibətlərində nə baş verdiyini müəyyən edən hərəkətləridir, Rusiya və Putinin siyasətidir. Beləliklə, siyasət dəyişərsə, biz heç nəyi istisna edə bilmərik. Problem ondadır ki, hazırda siyasətin dəyişdiyinə dair heç bir sübutumuz yoxdur”, ABŞ Dövlət katibi bildirib.

Forum

XS
SM
MD
LG