Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) aprelin 4-də Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin işi üzrə qərarını elan edib.
Azərbaycanda Avropa Məhkəməsi qərarlarının monitorinqini aparan aihmaz.org saytının məlumatına görə, “İbrahim Azərbaycana qarşı” işi müxalif AXCP üzvü olan ərizəçinin 2015-ci ildə Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq) maddəsi üzrə ittiham edilərək həbs edilməsi olub. Ali Məhkəmənin 28 sentyabr 2016-cı il tarixli qanuni qüvvəyə minmiş yekun hökmü ilə təqsirli bilinən ərizəçi üç il müddətinə azadlıqdan məhrum edilmişdi.
Ərizəçi AİHM qarşısında Konvensiyanın 6-cı maddəsinin (Ədalətli məhkəmə araşdırması hüququ) pozuntusunu mübahisələndirmişdi. O iddia edirdi ki, barəsindəki hökm əsaslandırılmayıb, icraat zamanı tərəflərin bərabərliyi və çəkişmə prinsipləri pozulub.
Ərizəçi həmçinin müdafiə tərəfinin bütün etirazlarının və vəsatətlərinin rədd edilməsindən, müdafiə tərəfinə ittiham tərəfi ilə bərabər şərait yaradılmamasından şikayət edirdi.
Şikayətin kommunikasiyası zamanı hökumət təktərəfli bəyannamə təqdim etməklə ərizəçinin iddia etdiyi pozuntuları etiraf edib, Məmməd İbrahimə mənəvi zərərə görə 3,600, xərc və məsrəflərə görə 500 avro ödəməyi təklif edib.
Hökumət həmçinin ərizəçinin kassasiya şikayətinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasını təmin etmək üçün bütün tədbirləri görmək öhdəliyi götürüb.
Avropa Məhkəməsi qarşısında vəkil Yalçın İmanov tərəfindən təmsil edilən Məmməd İbrahimin təzminatın məbləğini adekvat qəbul etməməsinə, onun işinə Konvensiyanın 6-cı maddəsinin tələblərinə uyğun olaraq baxılmasına təminatın olmadığını ifadə edərək təktərəfli bəyannaməni qəbul etməsə də, AİHM işin araşdırılmasının davam etdirilməsi üçün yetərli əsasların olmadığı qənaətinə gəlib.
Məhkəmənin qərardadına görə, hökumət təktərəfli bəyannamədə nəzərdə tutulan təzminat məbləğini ərizəçiyə ödəməli, işə Ali Məhkəmədə yenidən baxılmasını təmin etməlidir.
Forum