Accessibility links

NATO üzvləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə söz verib


NATO üzvləri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməyə söz verib
please wait

No media source currently available

0:00 0:03:27 0:00

NATO üzvləri Brüsseldə xarici işlər nazirlərinin iki günlük sammitindən sonra cümə axşamı alyansın 75-ci ildönümünü qeyd edərkən Rusiyanın hücumlarına qarşı Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklərinə söz veriblər. Bununla belə, alyansa üzv ölkələr Kyivə hərbi yardımla bağlı hər hansı konkret razılaşmaya dair qərara gəlməyiblər.

NATO xarici işlər nazirləri cümə axşamı alyansın yaranmasının 75-ci ildönümünü qeyd ediblər. Lakin mərasim böyük təntənə ilə keçməyib.

NATO-nun Ukraynaya dəstəyinə baxmayaraq, Rusiya döyüş meydanında uğur qazanmağa və Ukrayna şəhərlərinə raket və dron yağdırmağa davam edir.

Xarkiv şəhərinə hücum nəticəsində 4 nəfər ölüb, onlarla insan yaralanıb. NATO-nun baş katibi Yens Stoltenberq cümə axşamı alyansın iclası başa çatdığı zaman vəziyyətin real dəyərləndirməsini verib.

NATO-nun baş katibi Yens Stoltenberq: “Döyüş meydanında vəziyyət ciddi olaraq qalır. Ukraynanın daha çox hava hücumundan müdafiə sisteminə, daha çox döyüş sursatına və daha çox yardıma ehtiyacı var. // Müttəfiqlər indi geri qayıdıb öz ehtiyatlarını yoxlayacaq, daha çox sistem, xüsusən də “Patriot”lar təmin etmək üçün hər hansı yolların olub-olmadığını araşdıracaqlar.”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba NATO müttəfiqlərindən bu yardımı göstərməyi istəyib və xüsusi olaraq Amerika istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi ilə bağlı müraciət edib.

Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba: “Ukraynalıların həyatını xilas etmək, Ukrayna iqtisadiyyatını xilas etmək, Ukrayna şəhərlərini xilas etmək Ukraynada “Patriot”ların və digər hava hücumundan müdafiə sistemlərinin mövcudluğundan asılıdır. Biz “Patriotlar”dan danışırıq, çünki onlar ballistik raketləri ələ keçirməyə qadir olan yeganə sistemdir. Təkcə mart ayında Ukraynaya 94 ballistik raket atılıb”.

ABŞ Konqresi Ukraynaya təxminən 60 milyard dollar dəyərində hərbi yardım paketinin qarşısını almaqda davam edir. Cümə axşamı Brüsseldə çıxış edən dövlət katibi Antoni Blinken qanunvericiləri qanun layihəsinə səs verməyə çağırıb.

ABŞ dövlət katibi Antoni Blinken: “Biz ehtiyacların nə olduğunu bilirik: hava hücumundan müdafiə sistemləri, artilleriya, sursat. Mən bu gün eşitdiklərimə əsasən inanıram ki, hər kəs, o cümlədən ABŞ Ukraynanın ehtiyac duyduğu resursları tapmaq üçün səylərini ikiqat artıracaq və lazım gələrsə, ikiqat səy göstərəcək”.

Təhlilçi Liana Fiks Ukraynanın hava hücumundan müdafiəsi sisteminin yetərli olmadığını bildirir.

“Onlar yalnız Ukraynanın müəyyən mühüm strateji infrastrukturu və təbii ki, Ukrayna paytaxtı Kyievi müdafiə edə bilir. Biz son həftələrdə Rusiyanın xüsusilə də Ukraynanın enerji infrastrukturuna qarşı kampaniyanı gücləndirdiyini gördük. Ukraynanın əlavə müdafiəyə ehtiyacı var, “Patriot”lara burada ehtiyac var”.

NATO-nun baş katibi Ukraynaya hərbi dəstək məqsədilə NATO-nun 5 il müddətinə 107 milyard dollarlıq fondunun yaradılmasını təklif edib. O, NATO-nun iyul ayında Vaşinqtonda keçiriləcək illik sammitində razılığın əldə olunacağına ümid edir. Lakin bu həftə Brüsseldə keçirilən görüşdə konkret razılıq əldə olunmayıb.

Xarici Əlaqələr Şurasının təhlilçisi Liana Fiks: “Avropalılar həm maliyyə, həm də hərbi dəstək baxımından, sadəcə olaraq ABŞ-dan gələn böyük miqdarda hərbi dəstəyi kompensasiya edə bilmirlər”.

Bu arada Kreml cümə axşamı bildirib ki, NATO ilə Rusiya arasında münasibətlər “birbaşa münaqişə” adlandırdığı səviyyəyə çatıb.

Forum

XS
SM
MD
LG