Accessibility links

Behzad Ciddi: İranda hakimiyyət dairəsinin daralması ilə iqtisadi sabitlik daha da pozulacaq


Behzad Ciddi
Behzad Ciddi

İqtisadçı və siyasi fəal Behzad Ciddi Amerikanın Səsi ilə söhbətində İranda mart ayında keçirilən seçkilərin nəticələri fonunda ölkədə iqtisadi vəziyyətin gələcəyini dəyərləndirib.

please wait

No media source currently available

0:00 0:15:16 0:00
Direct link

Onun sözlərinə görə, İslam Respublikasında iqtidar dairəsinin daha da kiçilməsi, renta iqtisadiyyatının mahiyyəti etibarı ilə, iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olub və ictimai-siyasi qarışıqlığı artıracaq.

“İranda keçən seçkilərə baxdıqca, iki şeyi aydın görmək olur. Bir, xalq getdikcə siyasi sistemə ümidini itirir və getdikcə seçkilərə iştirak azalır. Əlbəttə bu bölgədən bölgəyə dəyişir. Kiçik şəhərlərdə seçici fəallığı daha güclüdür. Böyük şəhərlərə gəlincə, məsələn Təbrizdə seçicilərin iştirakı həmişə ənənəvi olaraq aşağı olub. Tehranda və ya başqa fars bölgələrində keçmişdə güclü olsa da, indi iştirak səviyyəsində enmə var,” Ciddi söyləyib.

O, yeni parlament və Ekspertlər Şurasının tərkibinə diqqət çəkərək deyib ki, “hakimiyyət tərəfində də baxanda, görürük ki, dairə getdikcə daralır. Yəni, keçmişdə fərqli qruplardan parlamentə gedən olurdu, ancaq, hakim sistem getdikcə bu döngəni və ya bu dairəni daraldır. Bunun da iqtisadi səbəbi var. O da İranda rentaçı hakimiyyətlə əlaqədardır.”

İqtisadçı hesab edir ki, İslam Respublikasında iqtidar dairəsi daraldıqca, renta iqtisadiyyatının mahiyyəti səbəbindən iqtisadi vəziyyət daha da pisləşəcək.

“Rentaçı bir hakimiyyətin qurduğu iqtisadi sistem sadəcə təbii qaynaqlara bağlı olar. Onlara önəmli olan sadəcə yeraltı qaynaqlardır. İranda bu, getdikcə daha da güclənir. Biz yeraltı qaynaqlara, qızıl və mis kimi sektorlara baxsaq, hətta keçən 10 ildə bu sektorların böyüdüyünü çox rahat görə bilərik. Özəlliklə Azərbaycan bölgəsində keçən 10 ilin içində bu mədənlərin çoxaldığını aydınca görmək olur... İndi İslam Respublikasında o qurucu heyət hakimiyyət əhatəsini daha da daraldır və istədiyi insanları seçir. Bunun da elə səbəbi yenə qayıdır o renta sisteminə. Təbii qaynaqlara bağlı olan bir hakimiyyətin qurduğu iqtisadiyyatda heç bir çeşitləndirmə yoxdur,” deyə, Ciddi qeyd edib.

O, əlavə edib ki, “baxırıq ki, içəridə istehsal yox, işsizlik yüksək. Təbii olaraq, iqtisadiyyat idxala bağlanır və bu idxal məsələsində bir çox dəyişkən var. Əsas dəyişkənlərdən biri, İran pulu və xarici valyutaların arasındakı dəyişkənlər içəridəki qiymətlərə çox rahat təsir edə bilir. Bu da iqtisadi sabitliyi tamamən pozur. Belə olanda, xarici sərmayə yenə ölkədən qaçır, istehsal yenə azalır. Bu, ölkədə və hətta siyasi sistem içərisində qarşılıq ehtimalını yüksəldir.

Behzad Ciddi hesab edir ki, İslam Respublikasının yaratdığı iqtisadi sistem İranın qeyri-fars və qeyri-şiə bölgələrində daha artıq iqtisadi, ictimai və ekoloji təxribatlara yol açır. O, o cümlədən Urmiyə gölünün iqtisadiyyatdakı renta anlayışının bir qurbanı olduğunu vurğulayır.

Forum

XS
SM
MD
LG