Accessibility links

Rusiya xarici işlər naziri Lavrov Ukraynada müharibəni müzakirə etmək üçün Çinə səfər edəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada müharibə və Moskva ilə Pekin arasında tərəfdaşlığın dərinləşdirilməsini müzakirə etmək məqsədilə bazar ertəsi və çərşənbə axşamı Çində səfərdə olacaq.

Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Lavrov və Rusiya nazirinə dəvət göndərən Çinin xarici işlər naziri Vanq Yi arasında keçiriləcək danışıqlarda ikitərəfli əməkdaşlıqla yanaşı, Ukrayna böhranı və Asiya-Sakit okean regionu kimi “qaynar mövzular”ın müzakirəsi yer alacaq.

Reuters xəbər agentliyi keçən ay Rusiya prezidenti Vladimir Putinin may ayında Çin prezidenti Şi Tsinpinlə danışıqlar aparmaq üçün Çinə səfər edəcəyi barədə məlumat vermişdi. Bu, Rusiya prezidentinin vəzifədə yeni müddətdə ilk xarici səfəri olacaq.

Çin və Rusiya 2022-ci ilin fevralında Putinin Ukraynaya on minlərlə qüvvə göndərərək, İkinci Dünya Müharibəsindən sonra Avropada ən ölümcül müharibəyə səbəb olan müdaxiləyə başlamazdan bir neçə gün əvvəl Pekinə səfəri zamanı “məhdudiyyətsiz” tərəfdaşlıq elan etmişdilər.

Birləşmiş Ştatlar Çini özünün ən böyük rəqibi, Rusiyanı isə milli təhlükəsiyə ən böyük hədə kimi görür. ABŞ prezidenti Co Bayden isə bu əsrin demokratiyalar və avtokratiyalar arasında mövcud rəqabətlə müəyyənləşəcəyini bildirir.

Putin və Şi Qərbin çökməkdə və tənəzzüldə olduğu kimi baxışı paylaşır, Çin isə kvant hesablamaları və sintetik biologiyadan tutmuş kəşfiyyat və sərt hərbi gücə qədər hər sahədə ABŞ-ın üstünlüyünə meydan oxumağa çalışır.

Çin gömrüyünün məlumatlarına əsasən, Çin və Rusiya arasında ticarət 2023-cü ildə əvvəlki ilə nisbətən 26,3 faiz artaraq, 240,1 milyard dollar rekord həddə çatıb.

2023-cü ildə Çindən Rusiyaya daşınmalar 46,9 faiz, Rusiyadan idxal isə 13 faiz artıb.

Ukraynada müharibənin başlamasından bir il sonra Çin 2023-cü ildə Ukrayna böhranının həlli ilə bağlı 12 bəndlik mövqe sənədi dərc edib. Rusiya Çinin mövqeyinin ağlabatan olduğunu bildirib.

Yanvar ayında İsveçrə Rusiya qüvvələrinin Rusiyanın nəzarətində olan bütün ərazilərdən tamamilə çıxarılmasını nəzərdə tutan sülh formulu irəli sürən Ukrayna prezidenti Volodimir Zelenskinin müraciəti əsasında sülh sammitinə ev sahibliyi etməyə razılıq verib.

Reuters agentliyi fevral ayında Putinin Ukraynada müharibəni dondurmaq üçün atəşkəs təklifinin vasitəçilər arasında təmaslardan sonra ABŞ tərəfindən rədd edildiyi barədə məlumat vermişdi.

Moskva Zelenskinin təkliflərinin gülünc ultimatum olduğunu və Qərbin İsveçrədə təklif edilən görüşdən Qlobal Cənub ölkələri arasında Ukraynaya dəstək qazanmaq üçün istifadə etdiyini bildirib.

Rusiya bildirir ki, Ukraynada istənilən sülh Moskvanın Ukrayna ərazisinin beşdə birinə nəzarət etməsi reallığını qəbul etməli və Avropanın təhlükəsizliyinə dair daha geniş sazişi əhatə etməlidir.

Ukrayna isə Rusiyanın sonuncu əsgəri ölkə ərazisindən çıxarılmayana qədər dayanmayacağını bildirir.

Forum

XS
SM
MD
LG