Accessibility links

Qırğızıstan mütəşəkkil cinayətkar qrupun üzvlərinin Azərbaycana təhvil verildiyini bildirir


Qırğızıstanın Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil cinayətkar qrupun üzvü olan 5 nəfəri Azərbaycana təhvil verdiyini bildirir.

Qırğızıstan mediasının məlumatına görə, dəstə üzvləri Manas Beynəlxalq Hava Limanında Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmi nümayəndələrinə təhvil verilib.

Bu barədə Qırğız mediasında videolar da yayılıb.

Öz növbəsində, Azərbaycan Daxili İşlər Nazirliyi bununla bağlı Amerikanın Səsinin sorğusuna hələ cavab verməyib.

Bundan öncə, Qırgız mediası Qırğız Respublikası rəhbərliyinə sui-qəsd hazırlamaqda şübhəli bilinən 9 nəfərin saxlanıldığını bildirib. Onların 5-i Qırğızıstanda, 4-ü isə Azərbaycanda saxlanılıb.

Qırgızıstan Dövlət Təklükəsizliyi Komitəsi martın 23-də bu ölkənin rəhbərliyinə sui-qəsd planlaşdıran transmilli cinayətkar qrupun üzvləri olan beş Azərbaycan vətəndaşını saxladığını bildirib.

Məlumatda deyilir ki, Əliyev V.M., Bağırov S.A., Əsgərov M. O., Bekhbudov M.S. və Məmmədov Z. İ. soyadlı şəxslər saxlanılıb.

Dövlət Təhlükəsizliyi Komitəsinin xəbərində deyilir ki, qrupun lideri Əsgərov "cinayət mühitini və oğruların ideologiyasının yayılması” və "dövlətin rəhbərliyinə sui-qəsd etmək üçün" martın 20-də Bişkekə gəlib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi isə martın 26-da bildirib ki, nazirlik Qırğız Respublikasının aidiyyəti hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərərək, araşdırmalarla həmin şəxslər barəsində toplanmış məlumatı Qırğız tərəfinə təqdim edib.

Nazirliyin məlumatında deyilir ki, araşdırmalar nəticəsində şübhəli şəxs qismində saxlanılan həmin şəxslərdən birinin Rusiya, digərinin isə Azərbaycan ərazisində əvvəllər cinayət törədərək məhkum olduğu müəyyən edilib.

“Həmçinin, Qırğız hüquq-mühafizə orqanlarının müraciəti əsasında haqqında bəhs olunan şəxslərlə əlaqələrinin olmasında şübhəli bilinən 4 nəfər Qırğız vətəndaşının Azərbaycan ərazisində yeri müəyyən edilib və onlar Qırğızın aidiyyəti hüquq-mühafizə orqanlarına təhvil verilib. Qeyd edilən məsələnin təfərrüatlarının tam və ətraflı araşdırılması üçün Qırğız hüquq-mühafizə orqanları ilə əməkdaşlıq şəraitində birgə tədbirlər davam etdirilir”, Azərbaycan Daxili İşlər Nazirliyi bildirir.

Bununla yanaşı, martın 26-da Qırğız mediası bu ölkənin Dövlət Gömrük Xidmətinin keçmiş sədr müavini Raimbek Matraimov və onun qardaşı Tilek Matraimovun Bakıda saxlanılaraq Bişkekə ekstradisiya olunduğu barədə məlumat yayıb.

Bundan əvvəl dövlət komitəsinin mətbuat xidməti Raiymbek Matraimovun ümumi dəyəri 34 milyon 810 min 500 dollar (3 milyard 98 milyon 134 min som) olan daşınmaz əmlakının müsadirə edilməsi barədə məlumat yayıb.

Saxlanılan şəxlsərin vəkilləri və yaxınları bu məlumatlara hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG