Accessibility links

Seymur Həzi: Türkiyədəki seçkilərin Azərbaycana ciddi təsirləri var


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi

AXCP sədrinin müavini Seymur Həzi Amerikanın Səsinə müsahibəsində Türkiyədə keçirilən bələdiyyə seçkilərinin Azərbaycana təsirlərindən danışıb.

Amerikanın Səsi: Türkiyədə bələdiyyə seçkilərinin nəticələrı Azərbaycanda siyasilər, ekspertlər tərəfindən müzakirə olunur, media bu mövzuya diqqət ayırır. Bu maraq nə ilə əlaqədardır?

Seymur Həzi: Marağın iki mühüm tərəfi var. Birincisi ondan ibarətdir ki, Türkiyə Azərbaycan üçün yaxın ölkədir. Ölkəmizə siyasi təsiri ola bilən ölkədir. Bu ölkədəki seçkilər, xüsusilə onun demokratik əhval ruhiyyəsi Azərbaycana müəyyən bir təsirlə ötüşür. Belə görsənir ki, Azərbaycan ictimaiyyəti Türkiyə siyasətindən təsirlənir. İkinci tərəfi, əlbəttə onunla bağlıdır ki, Türkiyədə uzun illərdən sonra müxalif siyasi qüvvələr, Türkiyə demokratiya tarixinin mühim elementlərindən biri olan siyasi partiyalar qalib gəliblər. Xüsusilə CHP (Cümhuriyyət Xalq Partiyası). Bu seçkilərin nəticələrinin regiona yaxşı mənada təsir edəcəyi düşünülür. Eyni zamanda, hakimiyyət yönümlü media Türkiyədə dəyişməkdə olan siyasi atmosferin Azərbaycan üçün müəyyən təsirlərini təhlil edir. Mən düşünürəm ki, bu ciddi yanaşma əsaslıdır.

Seymur Həzi: Türkiyədəki seçkilərin Azərbaycana ciddi təsirləri var
please wait

No media source currently available

0:00 0:05:16 0:00

Amerikanın Səsi: Türkiyədəki son seçkilər Azərbaycanda bu il keçiriləcək bələdiyyə seçkilərində analoji maraq doğura bilərmi? Türkiyədə seçkilərdə müxalif partiyanın qalib gəlməsi Azərbaycanda siyasi proseslərə necə təsir göstərə bilər?

Seymur Həzi: İlk onu deyim ki, Türkiyədə bundan əvvəl keçirilən prezident seçkiləri Azərbaycanda da diqqətlə izlənilirdi. Amma ondan sonra Azərbaycanda keçirilən prezident seçkiləri demək olar ki, siyasi apatiya ilə keçdi. Əhali seçkiyə getmədi. Seçki kütləvi şəkildə xalq tərəfindən boykot edildi. Bütün bunların hamısı bizə göstərir ki, Azərbaycan insanları Türkiyədəki və Azərbaycandakı seçkilərin fərqini başa düşürlər. Orada seçkinin seçki olduğunu, burada isə tamaşa olduğunu bilirlər. Məhz seçkiyə, seçimə münasibətlərini Türkiyədəki seçkiləri izləməklə ifadə edirlər. Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərinə bu seçkinin təsiri necə olacaq? Bələdiyyənin bir struktur kimi önə çıxardacağını düşünmək olardı, bir halda ki, Azərbaycanda da ya demokratik seçki olsun, ya da bələdiyyələrin heç olmasa formal hüquqları yaxşı olsun. Azərbaycanda bələdiyyələr icra hakimiyyətinin əlavəsi kimi fəaliyyət göstərdiyinə görə, heç bir müstəqil hüququ olmadığına görə,Azərbaycanda bələdiyyələrin belə bir diqqət çəkici mövqedə olacağı inamında deyiləm. Amma bununla belə Türkiyədə seçkilərin izlənilməsi Azərbaycan vətəndaşlarının seçkiyə, demokratiyaya, azadlığa nə qədər maraqlı olduğunu göstərir.

Amerikanın Səsi: Türkiyənin siyası landşaftı bələdiyyə seçkilərindən sonra müəyyən mənada dəyişib. Artıq perspektivdə hazırkı müxalifətin iqtidara gələcəyi də proqnozlaşdırılır. Bu amil Azərbaycan-Türkiyə münasibətlərinə necə təsir edəcək?

Seymur Həzi: Faktiki olaraq Türkiyə bələdiyyə seçkilərindən sonra parlamentdəki müxalifət yerli özünüidarəetmədə də hakimiyyətdədir. Ölkənin təxminən 70 faizinə qədərinə nəzarət edirlər. İstanbul, Ankara, İzmir, Adana kimi bütövlükdə Türkiyənin əhalisini özündə ehtiva edən mühüm hissəsinə nəzarət edirlər. Azərbaycan-Türkiyə münasibətləri kimin olmasından aslı olmayaraq yaxşı olmalıdır. Ancaq münasibətlərin qardaşlıq zəminindən həm də, azadlıq, demokratiya və xalqların rifahına istiqamətlənən bir şəkildə olması çox arzu olunandır.

Amerikanın Səsi: AXCP Azərbaycan-Türkiyə münasibətlərinin gələcək perspektivlərini necə görür?

Seymur Həzi: Azərbaycan-Türkiyə hazırda hərbi əməkdaşlıq çərçivəsindədir. Türkiyə bizə yaxın müttəfiq dövlətdir. İqtisadiyyatla bağlı əlaqələrimiz var. Ancaq bu əlaqələr çox təəssüf ki, şəffaf deyil. Biz Azərbaycan və Türkiyə arasındakı münasibətləri şəffaf, açıq tenderlərlə keçirilmiş iqtisadi münasibətlər kontektsində görürük. Korrupsiyadan uzaq. Alnı açıq, üzü ağ kontekstində görürük. Nəinki Türkiyə ilə digər dövlətlərlə də bizim münasibətlərimiz bu şəkildə şəffaf olmalıdır. Dünyanın istənilən nöqtəsində arzu edilən şirkətlər Azərbaycana gəlib işləyə bilməlidirlər. Mən hesab edirəm ki, bizim gələcək əməkdaşlığımızın həll etməli olduğu ən ciddi məsələ münasibətlərdə qara ləkə olan bu korrupsiya faktlarının aradan qalxması olmalıdır.

Forum

XS
SM
MD
LG