Accessibility links

Daha bir jurnalist "Abzas Media işi" üzrə dindirilib


İsmayıl Tağıyev
İsmayıl Tağıyev

Aprelin 9-da müstəqil jurnalist İsmayıl Tağıyev Bakı Şəhər Baş Polis İdarəsində şahid qismində dindirilib.

Jurnalist 3 saata yaxın polis idarəsində olub və "Abzas Media işi" ilə bağlı dindirildiyini bildirib.

O qeyd edib ki, suallar ümumi xarakter daşıyıb. Tağıyev istintaq sirrini açıqlamamaq öhdəliyi götürdüyü üçün təfərrüatlar barədə danışmayıb.

Onun sözlərinə görə o, idarədə heç bir psixoloji və fiziki təzyiqə məruz qalmayıb.

Qeyd edək ki, İsmayıl Tağıyevin həmçinin NİDA Vətəndaş Hərəkatının üzvü olduğu bildirilir.

"Abzas Media" ilə bağlı nə baş verib?

"Abzas Media" ilə bağlı cinayət işi üzrə ötən ilin noyabrın 20-də saytın direktoru Ülvi Həsənli saxlanılıb. İstintaqın həmin gün onun evində və "Abzas Media"nın ofisində axtarış apardığı və ofisdən 40 min avro pul tapıldığı bildirilir.

Daha sonra noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-ə keçən gecə xaricdən qayıdanda hava limanında saytın baş redaktoru Sevinc Vaqifqızı saxlanılıb.

Həmin iş üzrə jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova və araşdırmaçı jurnalist Hafiz Babalı da həbs olunub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2-ci (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub.

Onların heç biri özünü təqsirli bilmir, həbslərinin peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirir. Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG