Accessibility links

Austin: Kreml Ukraynada üstünlük əldə etsə, bu, ABŞ-ın təhlükəsizliyinə daha çox hədə törədəcək


ABŞ müdafiə naziri Lloyd Austin qanunvericiləri Ukrayna, İsrail və Tayvana yardım, eləcə də sualtı qayıq istehsalının artırılması da daxil olmaqla, 60 milyard dollarlıq əlavə maliyyə paketini təsdiqləməyə çağırıb.

O, Senatın Silahlı Qüvvələr Komitəsinin dinləmələrində bildirib ki, əlavə vəsaitin təxminən 50 milyard dolları ABŞ-ın sənaye bazasından keçərək 30-dan çox ştatda iş yerlərini dəstəkləyəcək.

"Bu çətin dövrdə təhlükəsizliyimiz Amerikanın qətiyyətindən asılıdır. Putin [Rusiya Prezidenti] ABŞ-ın ləngiyəcəyi, dostlarını və Ukraynanı ölümcül təhlükədə tərk edəcəyini düşünür. Əgər Kreml Ukraynada üstünlük əldə etsə, bu, bütün dünyada potensial təcavüzkarları cəsarətləndirəcək və ABŞ-ın təhlükəsizliyinə daha çox hədə törədəcək”- deyə, nazir qeyd edib.

Austin deyib ki, əgər Amerika geri çəkilsə, biz azad dünyanı təhlükəyə atacağıq və bu, ağlasığmaz xərclər və təhlükələrlə nəticələnə bilər.

“Biz bilirik ki, Çin və digər ölkələr Putinin hərəkətlərini və bizim cavabımızı izləyir və öyrənir”, o əlavə edib.

Austin bildirib ki, Rusiyanın qoşun sayı və atəş gücü baxımından üstünlüyünə baxmayaraq, Ukrayna əlamətdar iş görüb, Rusiyanın əvvəlcə işğal etdiyi ərazilərin təxminən yarısını geri alıb.

O qeyd edib ki, Ukrayna başqalarından bunun üçün mübarizə aparmağı tələb etmir. O, səylərini dəstəkləmək üçün vəsait istəyir.

ABŞ müdafiə nazirinin sözlərinə görə, hərbi yardım olmadan onlar öz əhalisini qorumaq üçün lazım olan hava hücumundan müdafiə sistemlərini yenidən təchiz edə bilməyəcəklər və Kyivin digər müdafiə imkanları da zəifləyəcək.

2025-ci maliyyə ilinin və gələcək büdcə tələbləri mövzusuna toxunan Austn "Konqresin Müdafiə Nazirliyini dəstəkləməyə davam etmək üçün edə biləcəyi ən yaxşı şey proqnozlaşdırılan, davamlı və vaxtında maliyyə yardımı ayırmasıdır" deyib.

Forum

XS
SM
MD
LG