Accessibility links

İsrail hava hücumundan müdafiə sisteminin İranın zərbələrini uğurla dəf etdiyini bildirib


İsrail bazar günü İranın ölkəyə qarşı “görünməmiş hücum”da 320 döyüş başlığı atdığını, lakin İsrailin hava hücumundan müdafiə sisteminin ABŞ və digər dəstək verən ölkələrin müdafiə vasitələri ilə birlikdə onların 99 faizini vurduğunu bildirib.

“Onlar hücumda uğursuzluğa uğradılar”, İsrail Müdafiə Qüvvələrinin sözçüsü, leytenant polkovnik Peter Lerner CNN kanalına deyib.

Lerner Tehranın aprelin 1-də Suriya paytaxtı Dəməşqdə İran konsulluğuna iki iranlı generalın ölümü ilə nəticələnən hücumu təşkil etmək üçün istifadə edildiyini bildirdiyi hərbi bazanı hədəf aldığını deyib. Onun sözlərinə görə, gecə keçirilən hava hücumu nəticəsində “çox zərər vurulmayıb”.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü İranın İsrailə qarşı 170 partlayıcı dron, 120 ballistik raket və 30 qanadlı raket atdığını, bunların əksəriyyətinin birbaşa İran ərazisindən gəldiyini, lakin bəzilərinin İraq və Yəməndə İranın proksi qüvvələri tərəfindən atıldığını bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi CNN kanalına bildirib ki, döyüş başlıqlarının “böyük əksəriyyəti” İrandan buraxılıb. Kirbi İsraili hədəf aldıqları vaxt raketləri bölgədəki digər ölkələrin üzərindən göndərməklə, “onların bunu beynəlxalq hava məkanını pozmadan etməsinin heç bir mümkün yolu olmadığını” deyib.

Mərmilərdən bir neçəsi İsrailə düşüb, lakin əksəriyyəti İsrailin hava məkanına çatmamış vurulub.

Rəsmilər israilli ərəb yeniyetmə qızın qəlpələrlə ağır yaralandığını bildiriblər.

Kirbi İsrailin İranın hücumlarına qarşı müdafiəsini “inanılmaz hərbi nailiyyət” adlandırıb. O, hücumlar nəticəsində İsrailə “çox” zərər vurulmadığını bildirib.

İran bazar günü İsrail və ABŞ-a xəbərdarlıq edib ki, əgər İsrail öz ərazisinə hücumlara cavab verməyə cəhd edərsə, daha böyük cavab veriləcək.

İran İsrailə hücumuna son verdiyini bildirsə də Lerner “biz onların sözlərinə inanmırıq” deyərək, İranın dəstəklədiyi Hizbullah militantlarının “elə bu səhər” Livandan İsrailə atəş açdığını bildirib.

Kirbi deyib ki, ABŞ İrandan gələn döyüş başlıqlarının vurulmasına kömək etsə də İsrailə “İrana hücumda iştirak etməyəcəyini” bildirib.

İsrailin baş naziri Benyamin Netanyahu İranın hücumuna cavabı müzakirə etmək üçün müharibə kabinetinin iclasını çağırıb.

“Biz qarşısını aldıq, dəf etdik, birlikdə qalib gələcəyik”, Netanyahu sosial şəbəkədə bildirib.

İsrailin müdafiə naziri Yoav Gallant gecə hücumunun qarşısının alınmasına baxmayaraq, hərbi kampaniyanın bitmədiyini bildirib və “hər hansı bir ssenariyə hazır olmalıyıq” deyib.

Müharibə kabinetinin naziri Benny Qantz İsrailin hücuma cavab verəcəyini bildirib.

“Biz regional koalisiya yaradacağıq və İrandan bizim üçün əlverişli şəkildə və vaxtda bədəl tələb edəcəyik”, Qantz bildirib.

İranın ən yüksək səviyyəli hərbi qüvvəsi olan İslam İnqilabı Keşikçiləri Korpusu bazar günü səhər saatlarından əvvəl bəyanat yayaraq, İran ərazisindən İsrailə raket və pilotsuz təyyarələr atdığını bildirib. Bəyanatda hücumun İran rəsmilərinin bildirdiyinə görə, aprelin 1-də Dəməşqdə bir neçə yüksək rütbəli İran hərbi komandirinin ölümü ilə nəticələnən İsrailin hücumuna cavab olduğu deyilir. İsrail 1 aprel zərbəsinə görə məsuliyyəti nə təsdiq, nə də təkzib edib.

İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bazar günü bildirib ki, İran İsrailə, o cümlədən Yəmən və İraqdan 300-dən çox mərmi atıb və onların 99 faizi İsrail hava məkanından kənarda İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. İsrail Hava Limanları İdarəsi də bazar günü səhər tezdən İsrail hava məkanının səhər saat 7:30-dan etibarən yenidən açıldığını bildirib. Məlumatda bildirilir ki, Təl-Əviv Ben Qurion hava limanında uçuş cədvəlləri dəyişdirilə bilər.

Hava hərəkətinin qrafik təsviri 14 aprel 2024-cü il tarixində İran və qonşu Yaxın Şərq üzərində hava məkanını göstərir. (Flightradar24.Com/Reuters)
Hava hərəkətinin qrafik təsviri 14 aprel 2024-cü il tarixində İran və qonşu Yaxın Şərq üzərində hava məkanını göstərir. (Flightradar24.Com/Reuters)

İran İsraili qisas almamağa çağırıb.

“Bu məsələni həll olunmuş hesab etmək olar”, İranın BMT-dəki missiyası X sosial şəbəkəsində bildirib.

“Lakin İsrail rejimi növbəti səhvə yol verərsə, İranın reaksiyası daha sərt olacaq”, missiya bildirib.

Dünyanın sənayesi inkişaf etmiş ölkələrinin Böyük Yeddilər qrupunun (G7) liderləri bazar günü İranın İsrailə raket zərbələrini müzakirə etmək üçün videokonfrans keçirəcəklər.

Toplantı ABŞ, Yaponiya, Almaniya, Fransa, Britaniya və Kanadanın da daxil olduğu qrupa sədrlik edən İtaliya tərəfindən çağırılıb.

“Biz regionda vəziyyətin daha da qeyri-sabitləşməsi ilə bağlı dərin narahatlığımızı bildirir və bunun qarşısını almaq üçün işimizi davam etdiririk”, İtaliyanın baş naziri Ciorcia Meloni əvvəllər Twitter kimi tanınan X sosial media platformasında bildirib.

“Biz daha ciddi hərbi böhranın qarşısını almaq üçün çalışırıq”, İtaliyanın xarici işlər naziri Antonio Tacani bildirib.

İranın İran ərazisindən İsrailə hava zərbəsi endirməsi rəqib regional güclər arasında qarşıdurmada ciddi eskalasiyaya səbəb olur və ABŞ qüvvələrinin İsrailə dəstək üçün səfərbər olmasına yol açıb.

Şənbə günü axşam saatlarında sosial mediada yayımlanan videoda mərmilərin bəzilərinin İsrailin mərkəzi və cənubu üzərində ələ keçirildiyi, digərlərinin isə sirenlər səslənərkən yerə düşdüyü və partladığı göstərilir.

Haqari həmçinin bildirib ki, Negev səhrasının cənubunda endirilən zərbə nəticəsində gənc qız yaralanıb.

İsrail Müdafiə Qüvvələrinin X platformasında yerləşdirilən bəyanatında deyilir ki, bir neçə başqa zərbə nəticəsində İsrailin cənubunda İsrail qüvvələrinin bazasının infrastrukturuna kiçik ziyan vurulub.

İsrailin ehtiyatda olan briqada generalı, baş nazir Benyamin Netanyahunun keçmiş milli təhlükəsizlik müşaviri Yakob Nagel Amerikanın Səsinə mesajında İran raketlərinin ələ keçirilməsində İsrail qüvvələrinə onun ABŞ, İngiltərə, İordaniya və Səudiyyə Ərəbistanından müttəfiqlərinin kömək etdiyini bildirib.

Birləşmiş Ştatların hərbi qüvvələrinin sözçüsü Amerikanın Səsinə ABŞ qüvvələrinin“ İsraili hədəf alan İran tərəfindən buraxılan pilotsuz təyyarələri vurmağa davam etdiyini” təsdiqləyib.

İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-ın müdafiə naziri Lloyd Austinə İsrailin İranın hücumlarına qarşı müdafiə reaksiyaları barədə məlumat verib. Qallantın ofisindən verilən bəyanatda bildirilib ki, Qallant İsrailin müdafiə qurumunun ölkəyə “hücum etmək üçün növbəti cəhdlərə hazır olduğunu” vurğulayıb.

ABŞ prezidenti Co Bayden şənbə günü axşam İsrailin baş naziri Netanyahu ilə danışıb. ABŞ rəsmisi Baydenin milli təhlükəsizlik komandasının “gərginliyin daha da artmasının qarşısını almaq üçün regiondakı tərəfdaşlarla işləməyə davam edəcəyini” bildirib.

ABŞ prezidenti Co Bayden Ağ Evdə İrandan İsrailə raket hücumları ilə bağlı Milli Təhlükəsizlik komandasının üzvü ilə görüş keçirir, 13 aprel 2024.
ABŞ prezidenti Co Bayden Ağ Evdə İrandan İsrailə raket hücumları ilə bağlı Milli Təhlükəsizlik komandasının üzvü ilə görüş keçirir, 13 aprel 2024.

İsrailin baş naziri Benyamin Netanyahu İranın hücumu başlayan vaxt televiziya ilə yayımlanan çıxışında bildirib ki, İsrail “hər hansı bir təhlükəyə qarşı özünü müdafiə edəcək və bunu rasional şəkildə və qətiyyətlə edəcək”.

Təxminən eyni vaxtda Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Adrien Vatson bəyanat açıqlayaraq bildirib ki, “Birləşmiş Ştatlar İsrail xalqının yanında olacaq və İrandan gələn bu təhdidlərə qarşı onların müdafiəsini dəstəkləyəcək”.

“Bu hücumun bir neçə saat ərzində baş verəcəyi ehtimalı var. Prezident Bayden açıq şəkildə bildirib - İsrailin təhlükəsizliyinə dəstəyimiz dəmir kimi möhkəmdir”, bəyanatda qeyd edilib.

Netanyahu öz bəyanatında bu dəstəyi etiraf edərək bildirib: “ABŞ-ın İsraillə yanaşı dayanmasını, həmçinin Britaniya, Fransa və bir çox digər ölkələrin dəstəyini yüksək qiymətləndiririk”.

İranın Nyu-Yorkdakı BMT missiyası X platformasında İsrailə hava hücumu ilə Tehranın hərbi əməliyyatını yekunlaşdırdığını bildirib.

“İsrail rejimi növbəti səhvə yol verərsə, İranın cavabı xeyli sərt olacaq. Bu, İran və özbaşınalıq edən İsrail rejimi arasında münaqişədir və ABŞ ondan uzaq durmalıdır!”, İranın Nyu-Yorkdakı BMT missiyası əlavə edib.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun baş elmiş işçisi olan Yakob Nagel bildirib ki, İranın İslam Respublikası ilə İsrail arasında onilliklər ərzində davam edən düşmənçilik şəraitində ilk dəfə törədilmiş bu hücum, çox güman ki, münaqişədə dönüş nöqtəsi olacaq.

“Yəqin ki, biz regional qarşıdurmanın şahidi olacağıq, çünki bu, təkcə İranın İsrailə qarşı deyil, İranın azad dünyaya qarşı olmasıdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG