Ukrayna prezidenti Volodimir Zelenski bazar günü İranın İsrailə hücumunu pisləyib və Yaxın Şərq münaqişəsinin daha da genişlənməsinin qarşısını almaq üçün səy göstərməyə çağırıb.
“Rusiyanın hərəkətləri daha böyük bir münaqişə ilə təhdid etdiyi kimi, İranın hərəkətləri də bütün regionu və dünyanı təhdid edir və terrorizmin yayılmasında iki rejim arasında açıq-aydın əməkdaşlıq dünya tərəfindən qəti və birgə reaksiya ilə qarşılanmalıdır”, Ukrayna prezidenti X sosial media platformasında bildirib.
Zelenski İsrailin vəziyyətini Ukrayna ilə əlaqələndirərək deyib ki, Ukrayna da İsrail kimi İran istehsalı olan “Şahed” dronları və raketləri ilə hücuma məruz qalıb.
“Biz Ukraynada Rusiyanın eyni “Şahed” dronlarından və Rusiya raketlərindən, eyni kütləvi hava hücumu taktikasından istifadə edərək oxşar hücumlarının dəhşətini çox yaxşı bilirik”, o yazıb.
İran Rusiyanı Ukraynaya hücumlar, o cümlədən infrastrukturu dağıtmaq üçün istifadə etdiyi minlərlə “Şahed” dronu ilə təmin edib.
“Dünya müzakirələrin davam etməsini gözləyə bilməz. Sözlər dronları dayandırmır və ya raketləri ələ keçirmir. Yalnız konkret yardım” - deyə Zelenski bildirib.
Zelenski bir daha ABŞ Konqresini Ukrayna və İsrailə yeni hərbi yardımı nəzərdə tutan qanun layihəsini qəbul etməyə çağırıb.
“Birləşmiş Ştatlar Konqresinin bu kritik zamanda Amerikanın müttəfiqlərini gücləndirmək üçün lazımi qərarlar qəbul etməsi çox vacibdir”, Zelenski bildirib.
Qərbin koordinasiyalı cavabı İranın şənbə günü İsrailə atdığı 300 pilotsuz təyyarə və raketin əksəriyyətini dayandırdı. Bir çox ukraynalı Qərb müttəfiqlərini Ukraynaya İsrailə göstərdikləri qəti və uzaqgörən dəstəyi göstərmədiklərinə görə tənqid edib.
Vaşinqtonda yerləşən Müharibə Tədqiqatları İnstitutu ABŞ-ın hərbi yardımının daha da gecikdirilməsinin Ukraynanın Rusiyanın irəliləyişlərini dəf etmək qabiliyyətini tədricən zəiflədəcəyi barədə xəbərdarlıq edib.
Forum