Accessibility links

G-7 liderləri İranın İsrailə hücumunu pisləyib


Böyük Yeddilər (G7) qrupu ölkələrinin liderləri İranın İsrailə hücumunu pisləyib və Yaxın Şərqdə regional gərginliyin nəzarətdən çıxmasının qarşısını almağa çalışacaqlarını bəyan ediblər. Qrupa daxil olan ölkələrin liderləri İranın İsrailə qarşı hava hücumlarından sonra bazar günü videokonfrans vasitəsilə görüş keçiriblər.

G7 liderləri bazar günü yaydıqları bəyanatda İranın şənbə günü İsrailə hücumunu pisləyiblər.

“Biz G7 liderləri İranın İsrailə birbaşa və presedenti görünməyən hücumunu birmənalı şəkildə pisləyirik”, qrupun insidentin müzakirəsi üçün keçidiyi videokonfransdan sonra verdiyi bəyanatda deyilir.

“İran İsrailə yüzlərlə pilotsuz təyyarə və raket atıb. İsrail tərəfdaşlarının köməyi ilə hücumu dəf edib”, G7 liderləri bəyanatda qeyd ediblər.

Qrupun liderləri “İsrail və onun xalqı ilə tam həmrəyliklərini və dəstəyini” ifadə ediblər və onların təhlükəsizliyinin təmin edilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər.

“İran öz hərəkətləri ilə regionda sabitliyin pozulmasına doğru daha bir addım atıb və regionda nəzarət oluna bilməyən gərginlik riski yaradır. Bunun qarşısı alınmalıdır”, bəyanatda vurğulanır.

G7 ölkələrinin liderləri vəziyyətin sabitləşdirilməsi və münaqişənin daha da genişlənməsinin və intensivləşməsinin qarşısının alınması üçün fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər.

“...Biz İrandan və onun proksilərininn hücumlarını dayandırmasını tələb edirik və (regionda) sabitliyi pozmaq üçün yeni hərəkətlərə cavab olaraq yeni tədbirlər görməyə hazırıq” - deyə, bəyanatda bildirilir.

“Biz həmçinin dərhal və davamlı atəşkəsə nail olmaq və HƏMAS girovlarının azad edilməsi və ehtiyacı olan fələstinlilərə geniş humanitar yardım göstərmək üçün işi davam etdirməklə Qəzzada böhrana son qoymaq üçün əməkdaşlığımızı gücləndirəcəyik”, G7 liderləri bəyanatda bildiriblər.

Bundan öncə İtaliyanın baş naziri Ciorcia Meloni əvvəllər Twitter kimi tanınan X sosial media platformasında vəziyyətin ciddiləşməsi ilə bağlı narahatlığını ifadə edib.

“Biz regionda vəziyyətin daha da qeyri-sabitləşməsi ilə bağlı dərin narahatlığımızı bildirir və bunun qarşısını almaq üçün işimizi davam etdiririk”, o bildirib

İranın öz ərazisindən İsrailə hava zərbəsi endirməsi rəqib regional güclər arasında qarşıdurmada ciddi eskalasiyaya səbəb olub və ABŞ qüvvələrinin İsrailə dəstək üçün səfərbər olmasına yol açıb.

ABŞ prezidenti Co Bayden şənbə günü İranın İsrailə qarşı kütləvi hava bombardmanını pisləyib və ABŞ-ın regiondakı hərbi imkanları vasitəsilə Yaxın Şərqdə altı aydır davam edən münaqişənin genişlənməsi təhlükəsini artıraraq, bu ölkəni hədəf alan “demək olar ki, bütün dronlar və raketlərin” məhv edilməsinə kömək edildiyini bildirib.

BMT Təhlükəsizlik Şurası BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə bazar günü günortadan sonra İranın İsrailə hücumu ilə bağlı təcili iclas keçirməyi planlaşdırır.

Forum

XS
SM
MD
LG