Accessibility links

ABŞ Yaxın Şərqdə eskalasiyaya yol verilməməsinə çalışır


İsrailin BMT-dəki səfiri Gilad Erdan Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdək vəziyyətlə bağlı iclas zamanı İsrailə doğru hərəkət edən dronlar və raketlərin videosunu nümayiş etdirir, 14 aprel 2024.
İsrailin BMT-dəki səfiri Gilad Erdan Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdək vəziyyətlə bağlı iclas zamanı İsrailə doğru hərəkət edən dronlar və raketlərin videosunu nümayiş etdirir, 14 aprel 2024.

Vaşinqtonda yüksək səviyyəli rəsmilər İranın partlayıcı dronlar və raketlərlə İsrailə hücuma keçməsindən sonra Yaxın Şərqdə müharibənin genişlənməsinin qarşısını almağa çalışırlar.

Bazar günü günortadan sonra adının çəkilməməsi şərti ilə jurnalistlərlə danışan yüksək səviyyəli ABŞ rəsmisi brifinqdə bildirib ki, “burada bəzi nəticələr olmalıdır”.

ABŞ rəsmisinin bildirdiyinə görə, prezident Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə etdiyi son söhbətində xüsusi ilə də zərərin az olduğu və ciddi itkilərin olmadığı nəzərə alınaraq, “dünən gecə baş nazirə çox aydın şəkildə bildirib ki, biz eskalasiya riskləri barədə diqqətlə və strateji düşünməliyik”.

İsrail rəsmiləri cavab veriləcəyində israr edir, lakin ölkənin müharibə kabinetində bunun necə və nə vaxt olacağı ilə bağlı belə görünür fikir ayrılığı mövcuddur.

İsrail cavab versə, bunu təkbaşına etməli olacaq.

“Biz özümüzün belə bir şeydə iştirak edəcəyimizi düşünmürük” - deyə, yüksək səviyyəli administrasiya rəsmisi ABŞ-ın İranın hücumuna hər hansı hərbi cavabda iştirak edib-etməyəcəyi sualının cavabında bildirib.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbinin bildirdiyinə görə, İsrail, ABŞ və digər tərəfdaşların İran tərəfindən buraxılan “300-dən çox pilotsuz təyyarə və raketin” qarşısını alması “inanılmaz hərbi nailiyyət” olub.

ABŞ Mərkəzi Komandanlığı Birləşmiş Ştatların Avropa Komandanlığının esminesləri tərəfindən dəstəklənən qüvvələrinin şənbə və bazar günü səhər “80-dən çox tək istiqamətli pilotsuz uçuş aparatı və İsraili İran və Yəməndən vurmaq üçün nəzərdə tutulmuş ən azı altı ballistik raketi uğurlar ələ keçirdiyini və məhv etdiyini” bildirib. Buraya buraxılış qurğusunda bir ballistik raket və İranın Yəməndə dəstəklədiyi husilərin nəzarətində olan ərazilərində buraxılmadan əvvəl məhv edilmiş yeddi pilotsuz uçuş aparatı daxildir.

ABŞ müdafiə naziri Lloyd Austin şənbə günü axşam açıqladığı bəyanatda partlayıcı dron və raketlərin İran, İraq, Suriya və Yəməndən atıldığını bildirib.

“Biz İranı öz proksi qüvvələri də daxil olmaqla növbəti hücumları dərhal dayandırmağa və gərginliyi azaltmağa çağırırıq”, ABŞ müdafiə naziri deyib. “Biz İranla münaqişəyə can atmırıq, lakin qüvvələrimizi qorumaq və İsrailin müdafiəsini dəstəkləmək üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”, Austin bəyanatında bildirib.

O, bazar günü İsrailin müdafiə naziri Yoav Gallant ilə həftə sonu üçüncü dəfə telefonla danışıb.

Bayden İranın hücumuna vahid diplomatik cavabı koordinasiya etmək üçün bazar günü Böyük Yeddilər (G7) qrupunun liderləri ilə təşkil edilmiş video konfransa qatılıb.

“İran öz hərəkətləri ilə regionda sabitliyin pozulmasına doğru daha bir addım atıb və regionda nəzarət oluna bilməyən gərginlik riski yaradır. Bunun qarşısı alınmalıdır”, G7 liderləri görüşdən sonra açıqladıqları bəyanatda bildiriblər.

“Biz vəziyyəti sabitləşdirmək və onun daha da gərginləşməməsi üçün işləməyə davam edəcəyik. Bu ruhda biz İrandan və onun proksi qüvvələrindən hücumlarını dayandırmağı tələb edirik və biz indi və sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”.

Forum

XS
SM
MD
LG