Accessibility links

İsrail BMT-də İranın hücuma görə cəzalandırılmasını tələb edir


BMT Təhlükəsizlik Şurası BMT-nin Nyu Yorkdakı qərargahında İranın İsrailə son hücumu da daxil olmaqla, Yaxın Şərqdə vəziyyətlə bağlı iclas keçirir, 14 aprel 2024.
BMT Təhlükəsizlik Şurası BMT-nin Nyu Yorkdakı qərargahında İranın İsrailə son hücumu da daxil olmaqla, Yaxın Şərqdə vəziyyətlə bağlı iclas keçirir, 14 aprel 2024.

İsrail bazar günü BMT Təhlükəsizlik Şurasından İranın İsrailə presedenti olmayan hərbi hücumundan sonra İranı cəzalandırmaq və çəkindirmək üçün tədbirlər görməsini tələb edib. Tehran hücumun bu ayın əvvəlində İranın Suriyadakı səfirliyinə İsrail tərəfindən endirildiyi iddia edilən zərbəyə cavab olaraq edildiyini bildirib.

İsrailin BMT-dəki nümayəndəsi Gilad Erdan Təhlükəsizlik Şurasına deyib ki, “Şura bu gün hərəkətə keçməlidir”.

“İranı terroruna görə qınamaq, cavab mexanizmini işə salmaq və dağıdıcı sanksiyaları yenidən tətbiq etmək, İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq. İndi hərəkətə keçmək lazımdır - İsrail naminə deyil, region naminə deyil, bütün dünya naminə”, o bildirib.

İsrailin BMT-dəki səfiri Gilad Erdan Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdək vəziyyətlə bağlı iclas zamanı İsrailə doğru hərəkət edən dronlar və raketlərin videosunu nümayiş etdirir, 14 aprel 2024.
İsrailin BMT-dəki səfiri Gilad Erdan Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında Yaxın Şərqdək vəziyyətlə bağlı iclas zamanı İsrailə doğru hərəkət edən dronlar və raketlərin videosunu nümayiş etdirir, 14 aprel 2024.

İsrail İranın 170 silahlı dron, 120 ballistik raket və 30 qanadlı raket daxil olmaqla, öz ərazisinə birbaşa hücumundan sonra fövqəladə iclasın keçirilməsini istəyib. İsrail ABŞ və digər müttəfiqlərlə birlikdə hava hücumundan müdafiə vasitələrinin dron və raketlərin 99 faizini vurduğunu bildirib.

Erdan bu illər ərzində İsrailin İranla bağlı xəbərdarlıqlarına məhəl qoymadığı üçün Təhlükəsizlik Şurasını tənqid edib. O, beynəlxalq ictimaiyyətin "şiə islamçı reyx"in güclənməsinə səssiz qaldığını, lakin İranın İsrailə birbaşa hücumundan sonra bu rejimin indi ifşa olunduğunu deyib.

“İranın maskası düşdükcə, dünyanın arxayınlığı da azalmalıdır. Maska çıxarılır və əlcəklər geyinməlidir”, İsrail səfiri bildirib.

O, İranın “bütün qırmızı xətləri keçdiyini” və İsrailin cavab tədbirləri görmək üçün qanuni hüququnu saxladığını bildirib.

İranın nümayəndəsi aprelin 1-də Dəməşqdəki səfirliyinə hücumdan və Təhlükəsizlik Şurasının bunu rəsmi şəkildə pisləməməsindən sonra özünümüdafiə hüquqlarından istifadə etməkdən başqa seçimlərinin olmadığını deyib.

İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bazar günü BMT-nin qərargahında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edir, 14 aprel 2024.
İranın BMT-dəki səfiri Əmir Səid İrəvani bazar günü BMT-nin qərargahında BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edir, 14 aprel 2024.

Təhlükəsizlik Şurasında bəzi diplomatlar ABŞ, Fransa və Britaniyanın İranın obyektlərinin məxfi əməliyyatlar üçün istifadə edilib-edilməməsi ilə bağlı sualları olduğu üçün hadisəni qınamağa mane olduqlarını bildiriblər.

“Bu qanunsuz rejim xalqımıza qarşı çoxlu dəhşətli cinayətlər törədib”, İranın səfiri Əmir Səid İrəvani İsrail haqqında deyib. “Bu rejim son illərdə İran rəsmilərinə, elm adamlarına və mülki şəxslərə qarşı terror və təxribat əməliyyatları və dinc nüvə infrastrukturumuzun təxribatına görə məsuliyyəti bariz və açıq şəkildə öz üzərinə götürüb”.

Son illərdə İsrailin İrana qarşı bir neçə zərbə, sui-qəsd və kiberhücumlar həyata keçirdiyi iddia edilir ki, bunların da əksəriyyəti nüvə proqramına yönəlib. İsrail heç vaxt bu cür əməliyyatları açıq şəkildə təsdiqləmir.

İrəvani deyib ki, İran “bölgədə eskalasiya və ya müharibə istəmir”, lakin lazım gələrsə, özünü müdafiə edəcək.

O həmçinin İranın ABŞ-la münaqişə istəmədiyini vurğulayıb.

“Biz işğal olunmuş Fələstin ərazilərindəki hərbi hədəflərə doğru hərəkət edən İran pilotsuz təyyarələri və raketlərinin ələ keçirilməsinə ABŞ ordusunun cəlb edilməsi ilə bağlı təmkin nümayiş etdirərək, sülhə sadiqliyimizi nümayiş etdirmişik”, İran səfiri bildirib. “Bu, bizim gərginliyi azaltmaq və münaqişənin genişlənməsinin qarşısını almaq öhdəliyimizi vurğulayır”, o deyib.

BMT-nin Baş katibi Antonio Quterreş bazar günü BMT-nin baş qərargahında Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edir, 14 aprel 2024.
BMT-nin Baş katibi Antonio Quterreş bazar günü BMT-nin baş qərargahında Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edir, 14 aprel 2024.

Lakin o əlavə edib ki, ABŞ ordusu ölkəsinə, vətəndaşlarına və ya təhlükəsizlik maraqlarına qarşı hər hansı əməliyyata başlayarsa, İran “proporsional reaksiya verəcək”.

ABŞ nümayəndəsi Robert Vud Vaşinqtonun Tehranla gərginliyi artırmaq istəmədiyini bildirib, lakin xəbərdarlıq edib.

“Açıq deyirəm ki, əgər İran və ya onun proksiləri ABŞ-a qarşı və ya İsrailə qarşı növbəti addımlar atsalar, İran məsuliyyət daşıyacaq”, o bildirib.

Səfir Vud Birləşmiş Ştatların “İranın Birləşmiş Millətlər Təşkilatı qarşısında məsuliyyət daşıması üçün əlavə tədbirləri araşdırmaq üçün” digər ölkələrlə məsləhətləşəcəyini deyib. O, bunun nəyi əhatə edə biləcəyi ilə bağlı detallara varmayıb. O həmçinin Təhlükəsizlik Şurasını İranın hərəkətlərini “birmənalı şəkildə pisləməyə” və İranın tərəfdaşları və proksilərini hücumlarını dayandırmağa çağırması barədə çağırış edib.

Livanda Hizbullah və Yəməndə husilər də daxil olmaqla, İranın dəstəklədiyi qruplar İsrailə raket zərbələri endirib. Husilər həmçinin Qırmızı dəniz və Hörmüz boğazında gəmilərə hücumlar həyata keçirib.

BMT-nin baş katibi fövqəladə iclasda çıxış edərək, gərginliyin və eskalasiyanın azaldılmasına çağırıb.

“Uçurumdan geri çəkilməyin vaxtı gəlib”, Antonio Quterreş bildirib və nə Yaxın Şərqin, nə də dünyanın başqa bir müharibəyə tab gətirə biləməcəyini əlavə edib.

Təhlükəsizlik Şurasının əksər üzvləri eskalasiyanı pisləyib və BMT rəhbərinin gərginliyin azaldılması və diplomatiya çağırışlarını dəstəkləyərək, regional iğtişaşların genişlənməsi riskindən narahat olduqlarını bildiriblər.

Forum

XS
SM
MD
LG