Accessibility links

Azərbaycanda keçmiş nazir hər ay maaşından əlavə 15 min manat pul aldığını bildirib


Azərbaycanın Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rəfael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Report agentliyinin məlumatına görə, məhkəmə prosesi muxtar respublikanın Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilir.

İttiham aktında bildirilir ki, Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərov və maliyyə naziri Rəfael Əliyev vəzifədə çalışdıqları dövrdə digər şəxslərlə əlbir olaraq dövlət büdcə vəsaitlərini mənimsəmə yolu ilə talayıblar.

Məlumatda deyilir ki, məhkəmədə çıxış edən Mənsur Əsgərov ifadəsində bildirib ki, pullar yük və sərnişin xətlərindən yığılıb.

“2009-2010-cu illərdə gömrükdə TIR proqramı yaradılıb. 2020-ci ildə yeni təyinat aldıqdan sonra komitə sədri Səhət Həbibbəyli məni qəbul etdi və dedi ki, yığılan pullar gətirilib bura veriləcək. Tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləyəndə 3 000 manat paket alırdım. Toplanan pullardan mənə heç nə verilmirdi, ümumi qayda olaraq komitə sədrinə verilirdi, özü pulları otağında təhvil alırdı. Pulları şəxsən özüm verirdim və başqa adam olmurdu. Pulları otaqda düzəldib, qutuya yığıb şəxsən aparıb komitə sədri Səhət Həbibbəyliyə verirdim", Report məhkəmədə Mənsur Əsgərovun çıxışına istinadən yazıb.

Mənsur Əsgərov özünü qismən təqsirli bilib.

Təqsirləndirilən digər şəxs Rəfael Əliyev qeyd edib ki, 2011-ci ildən maliyyə şöbəsinin rəisi işləyib.

"Toplanan ödənişlər sərnişin və yük şöbələrinin rəislərinə verilib, onlar isə pulu idarə rəislərinə verirdilər. Verilən manat və dollarları mən eyniləşdirmə aparıb, manatları dollar edib komitə sədri Asəf Məmmədova və sonradan Səhət Həbibbəyliyə verirdim. Ümumiyyətlə, TIR proqramı 2009-2010-cu illərdə yaradılıb. Bu proqram Səhət Həbibbəylinin təşəbbüsüdür", o qeyd edib.

O həmçinin qeyd edib ki, maliyyə naziri kimi fəaliyyətə başlayarkən, qurumlara şişirdilmiş qiymətlərlə vəsaitlər köçürüb və nağdlaşdırma yolu ilə həmin vəsaitləri mənimsəyiblər.

“Maliyyə naziri işləyərkən 2 300 manat maaş alırdım, 15 min manat isə paketim idi”, agentlik keçmiş maliyyə nazirinin məhkəmədəki çıxışına istinadən bildirib.

Proses mayın 2-dək təxirə salınıb.

2022-ci ilin noyabr-dekabr aylarında Naxçıvanda həbs olunan məmurlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə etmə - ağır nəticələrə səbəb olduqda) və başqa maddələrilə ittiham verilib. Onların arasında sabiq maliyyə naziri Rəfael Əliyev, Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəyli, bu qurumun Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin keçmiş rəisi Mənsur Əsgərov, Şəhərsalma və Arxitektura Komitəsinə rəhbərlik etmiş Hicran Rüstəmov da var.

Bununla yanaşı, 2023-cü ilin martında həmin şəxslər barəsində həbs qətimkan tədbiri dəyişdirilib və barələrində ev dustaqlığı qətimkan tədbiri seçilib. Səhət Həbibbəyli isə əvvəldən ev dustaqlığında olub.

Sabiq nazir Rəfael Əliyev 144 milyon manatlıq mənimsəmədə ititham olunur. Keçmiş komitə sədri Hicran Rüstəmova 212 milyon, Səhət Həbibbəyli və Mənsur Əsgərova isə 132 milyon manatlıq mənimsəmə ilə bağlı ittiham verilib.

Azərbaycanın müxalifətdə olan bəzi siyasi partiyalarının rəhbərləri ölkədə çoxsaylı jurnalistlər barədə qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilən zaman Naxçıvanda yüz milyonlarla rüşvətdə ittiham olunan məmurlar barədə həbs qətimkan tədbirinin dəyişdirilməsini kəskin tənqid edib. Hazırda ölkədə 15-dən çox jurnalist qaçaqmalçılıq və başqa ittihamla həbsdədir.

Forum

XS
SM
MD
LG