Accessibility links

Rusiyada narkotik ittihamı ilə həbs edilən ABŞ vətəndaşı məhkəmə qarşısına çıxarılıb


Rusiya-ABŞ arasında artan gərginlik fonunda Moskvada narkotik ittihamı ilə həbs edilən ABŞ vətəndaşı məhkəmə qarşısına çıxarılıb. Robert Vudland Romanov mütəşəkkil qrupun tərkibində külli miqdarda qeyri-qanuni narkotik vasitələrinin qanunsuz dövriyyəsində ittiham olunur. Bu cinayət əməlinə görə 20 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Yanvarda onun barəsində həbs qətimkan tədbiri seçilib və martın sonunda Ostankino Rayon Məhkəməsində məhkəmə prosesi başlayıb. Yeni məhkəmə iclası gələn həftəyə təyin edilib.

Yanvar ayında ABŞ Dövlət Departamenti ABŞ vətəndaşının saxlanmasıdan xəbərdar olduğunu və "xaricdəki ABŞ vətəndaşlarının təhlükəsizliyindən daha böyük prioriteti olmadığını" qeyd edib, lakin məxfilik mülahizələrini əsas gətirərək əlavə şərh verməkdən çəkinib.

Həmin vaxt ABŞ-ın Moskvadakı səfirliyi də oxşar bəyanatla çıxış edib.

Rusiya mediası qeyd edib ki, təqsirləndirilən şəxsin adı 2020-ci ildə “Komsomolskaya Pravda” qəzetinə müsahibə verən ABŞ vətəndaşının adı ilə üst-üstə düşür. Müsahibədə həmin şəxs 1991-ci ildə Ural dağlıq regionunun Perm bölgəsində doğulduğunu və iki yaşında ikən amerikalı bir cütlük tərəfindən övladlığa götürüldüyünü bildirib.

O, rus anasını tapmaq üçün Rusiyaya getdiyini və sonda onunla Moskvada bir televiziya şousunda tanış olduğunu bildirib. Həmin şəxs “Komsomolskaya Pravda”ya deyib ki, Rusiyada yaşamaq xoşuna gəlir və ora köçmək qərarına gəlib.

Qəzet onun Moskva yaxınlığındakı Dolqoprudnı şəhərində məskunlaşdığını və yerli məktəbdə ingilis dili müəllimi işlədiyini yazıb.

Moskva və Vaşinqton arasında münasibətlər Soyuq Müharibənin başa çatmasından sonra ən aşağı səviyyəyə çatması ilə Rusiyada amerikalıların həbsi getdikcə adi hala çevrilib.

Vaşinqton Moskvanı öz vətəndaşlarını hədəf almaqda və onlardan siyasi sövdələşmə obyekti kimi istifadə etməkdə ittiham edir. Lakin Rusiya rəsmiləri onların hamısının qanunu pozduğunda israr edir. Bəziləri ABŞ-da saxlanılan rusiyalılarla dəyişdirilib, digərləri üçün isə mübadilə ilə azadlığa buraxılma perspektivləri qeyri-müəyyən olaraq qalır.

Forum

XS
SM
MD
LG