Accessibility links

İran mediası Təbrizdə hava hücumundan müdafiə sisteminin işə düşdüyünü bildirib


İran mediası aprelin 19-da səhər saatlarında Təbriz şəhərinin qərbində "partlayış səsinin eşidildiyini", lakin şəhərdə partlayış baş vermədiyini və bu səslərin hava hücumundan müdafiə sisteminə aid olduğunu bildirib.

Rəsmi İRNA xəbər agentliyinin bildirdiyinə görə, Vadi-Rəhmət adlanan ərazinin ətrafında partlayış səsi eşidilib. Bu səslərin isə Təbrizin hava hücumundan müdafiə sisteminin "şübhəli obyektə" atəş açmasından qaynaqlı olub.

İran mediası Təbriz şəhərinin ərazisində heç bir partlayış olmadığını iddia edib.

Fars xəbər agentliyi isə bənzər məlumat yayıb və bildirib ki, Təbrizin hava hücumundan müdafiə sistemi bu şəhərin cənub-qərbində yerləşir və neftayırma və neft-kimya zavodundan təxminən 2-3 kilometr aralıda yerləşir.

İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın bəzi Telegram kanalları Təbriz şəhərindən videolar yayımlayaraq, şəhərin dinc olduğunu və əhalinin normal fəaliyyətlərinə davam etdiyini irəli sürüb.

Şərqi Azərbaycan valisinin müavini Türab Məhəmmədi də Təbrizdə eşidilən səsləri “naməlum obyektlərin hava hücumundan müdafiə sistemi tərəfindən monitorinqi” ilə bağlı olduğunu deyib və bunu "normal hal" adlandırıb.

Rəsmi Təbrizdə kvadrokopter və ya digər vasitələrlə müdaxiləni təkzib edib.

Şərqi Azərbaycan valiliyinin kvadrokopterlərin Təbriz səmasına girmədiyini iddia etməsinə baxmayaraq, Mehr xəbər agentliyi İsfahan şəhərində 3 kvadrokopterin vurulduğunu irəli sürüb.

Təbrizdə keçən gecə uçuşlar ləğv edilib. Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanının ictimaiyyətlə əlaqələr rəhbəri Hadi Nəcati hava limanında cümə günü səhər saatlarından etibarən uçuşların bərpa edildiyini açıqlayıb.

Onun sözlərinə görə, ötən gecə hava limanında bəzi uçuşlara məhdudiyyətlər qoyulmuşdu.

Ötən gecə Təbrizlə eyni vaxtda Tehranın iki hava limanı və İsfahan hava limanı reyslərini ləğv edib.

Sosial mediada Təbrizdə hər hansı partlayışla bağlı heç bir video yayımlanmasa da, İsfahan 8-ci aviabazasının yaxınlığında bir partlayışın baş verdiyini iddiası ilə bəzi videolar yayılıb.

ABŞ mediasının adı açıqlanmayan İsrail və ABŞ rəsmilərinə istinadən İsrailin İranın daxilində hava hücumu həyata keçirdiyini bildirib. Lakin İran rəsmiləri bu məlumatı təsdiqləməyib. Ölkə rəsmiləri yalnız hava hücumundan müdafiə sistemlərinin bir neçə "şübhəli obyekti" hədəf aldığını iddia edib.

Forum

XS
SM
MD
LG