Accessibility links

Zelenski Nümayəndələr Palatasında Kyivə yardıma dair qanun layihəsinin qəbulunu alqışlayıb


Ukrayna Silahlı Qüvvələrinin 43-cü mexanikləşdirilmiş briqadasının artilleriyaçıları Rusiyanın Ukraynaya müdaxiləsinin davam etdiyi vaxt Xarkiv vilayətində 155 mm-lik özüyeriyən 2S22 “Boqdan” haubitsasından Rusiya mövqelərini atəşə tutub, 21 aprel 2024.
Ukrayna Silahlı Qüvvələrinin 43-cü mexanikləşdirilmiş briqadasının artilleriyaçıları Rusiyanın Ukraynaya müdaxiləsinin davam etdiyi vaxt Xarkiv vilayətində 155 mm-lik özüyeriyən 2S22 “Boqdan” haubitsasından Rusiya mövqelərini atəşə tutub, 21 aprel 2024.

Ukrayna prezidenti Volodimir Zelenski bazar günü Nümayəndələr Palatasının Ukraynaya təxminən 60 milyard dollarlıq yardım layihəsini qəbul etməsini alqışlayıb.

Zelenski Vaşinqtonu qanun layihəsinin qəbul edilməsi istiqamətində növbəti addımları atmağa və Kyivə silahların verilməsinə başlamağa çağırıb.

Ukrayna prezidenti vurğulayıb ki, uzaqmənzilli silahlar və hava hücumundan müdafiə sistemləri əsas prioritetlərdir.

NBC telekanalına müsahibəsində Zelenski qeyd edib ki, qanun layihəsinin qəbulu Rusiya üçün Vaşinqtonun Kyivi dəstəklədiyinə və Ukraynanın “ikinci Əfqanıstana” çevrilməyəcəyinə dair güclü siqnal olacaq.

“Düşünürəm ki, bu dəstək Ukraynanın silahlı qüvvələrini həqiqətən gücləndirəcək və bizim qalib gəlmək şansımız olacaq” - deyə, Zelenski ABŞ qanunvericilərini qanun layihəsini Senatda qəbul etməyə çağırıb.

“Biz həqiqətən də bu məsələni sona çatdırmalıyıq... Biz bunu Senatda təsdiqləməliyik ki, altı ay ərzində deyil, mümkün qədər tez cəbhə xəttində olan əsgərlərə yardım ala bilək” - deyə, Zelenski bildirib.

Nümayəndələr Palatası geniş ikipartiyalı dəstəklə Ukrayna, İsrail və Tayvana təhlükəsizlik yardımını nəzərdə tutan 95 milyard dollar dəyərində qanunvericilik paketini qəbul edib. Ukraynaya yardım bir neçə ay gecikdirilib. Prezident Co Baydendən tutmuş Senatda respublikaçı Mitç Makkonnellə qədər Amerika liderləri Nümayəndələr Palatasının spikeri Mayk Consonu qanun layihəsini səsverməyə çıxarmağa çağırıblar.

Qanun layihəsi hazırda iki aydan əvvəl oxşar layihəni qəbul edən Demokratların çoxluq təşkil etdiyi Senata göndərilir.

Senatın çərşənbə axşamı qanun layihəsini nəzərdən keçirməyə başlaması planlaşdırılır. İlkin səsvermənin isə günün ikinci yarısında keçiriləcəyi biləcəyi deyilir.

Qanun layihəsinin yekun qəbulu isə gələn həftə gözlənilir. Bundan sonra sənəd imzalanmaq üçün prezident Co Baydenə göndəriləcək.

ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü aprelin 20-də iki partiyanın dəstəyi ilə Ukrayna, İsrail və Tayvan üçün dörd hissədən ibarət 95 milyard dollarlıq xarici yardım paketini qəbul edərək, Konqresdə uzun və çətin bir yoldan sonra qanun layihəsinin qanuna çevrilməsinə yol açıb.

Qanunvericiliyə Kiyevin Moskvanın təcavüzünə qarşı davam edən müharibəsi üçün 61 milyard dollar, o cümlədən İsrail üçün 26 milyard dollar və Qəzza da daxil olmaqla münaqişə zonalarında mülki şəxslər üçün humanitar yardım və Hind-Sakit okean regionu üçün 8 milyard dollar daxildir.

Forum

XS
SM
MD
LG