Accessibility links

Ukrayna elektrik enerjisi ixracını bərpa edəcəyini bildirir


Yanğınsöndürənlər Ukraynanın Xarkiv şəhərində Rusiyanın hücumundan sonra elektrik stansiyasındakı yanğını söndürürlər, 22 Mart 2024.
Yanğınsöndürənlər Ukraynanın Xarkiv şəhərində Rusiyanın hücumundan sonra elektrik stansiyasındakı yanğını söndürürlər, 22 Mart 2024.

Ukrayna bazar günü kiçik miqyasda elektrik enerjisi ixracını bərpa etməyi planlaşdırır. Bununla belə, tələbatın pik olduğu dövrlərdə əhəmiyyətli elektrik enerjisi idxalı gözlənilir. Bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.

Martın sonu və aprelin əvvəllərində Rusiyanın Ukrayna elektrik şəbəkəsinə silsilə hücumlarından sonra Ukrayna elektrik enerjisi idxalını kəskin şəkildə artırıb və ixracı dayandırıb.

“Hazırkı günə elektrik enerjisində hər hansı defisit nəzərdə tutulmayıb”, nazirliyin açıqlamasında bildirilir.

Nazirliyin məlumatına görə, bazar günü təxminən 139 meqavat-saat ixrac oluna bilər. 8,430 MVt-saat isə idxal edilib.

Ukraynanın energetika naziri German Qaluşenko ayın əvvəlində bildirmişdi ki, Rusiya qüvvələrinin zərbələri nəticəsində Ukraynada adi elektrik stansiyalarının 80 faizi, su elektrik stansiyalarının isə yarısı zədələnib.

Keçən həftə Ukraynanın ən böyük enerji şirkəti DTEK və hökumət Rusiyanın ölkənin elektrik şəbəkəsinə silsilə hücumlarından sonra biznesləri axşam saatlarında enerji istehlakını məhdudlaşdırmağa çağırıb.

Ukraynanın Energetika Nazirliyi ötən həftə bildirib ki, Ukrayna Rumıniya, Polşa və Slovakiyadan enerji idxal etməyə başlayıb.

Forum

XS
SM
MD
LG