Accessibility links

Avropa Parlamenti üzvləri Bakı və Yerevan arasında sərhədlərin delimitasiyası üzrə ilkin razılaşmanı alqışlayıblar


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinin rəhbəri Marina Kalyurand, Parlamentin Azərbaycan üzrə məruzəçisi Jelyana Zovko və Ermənistan üzrə məruzəçisi Andrey Kovaçev Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı ilkin razılaşmanı alqışlayıblar.

Parlamentarlar aprelin 23-də yaydıqları birgə bəyanatda razılaşmanın iki ölkə arasında sərhədin delimitasiyası prosesinin səmərəli başlanğıcını göstərdiyini və ikitərəfli məsələlərin danışıqlar masası arxasında uğurla həllini davam etdirə biləcəyinə ümid verdiyini bildiriblər.

Avropalı deputatlar həmçinin hər iki tərəfin birmənalı şəkildə sərhədin Sovet İttifaqının dağıldığı anda mövcud olduğu kimi bərpa edilməli olduğunu və delimitasiya prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacağını təsdiqləmələrinin xüsusilə vacib olduğunu vurğulayıblar.

“Ermənistan hökumətinin torpaqların Azərbaycana qaytarılacağı bu sərhəd hissələrindən başlamaq istəyi sülhə diqqətəlayiq sadiqliyini nümayiş etdirir. Biz hər iki ölkəni eyni ruhda işləməyə davam etməyə, bu müsbət dinamikaya zidd hər hansı addım və ya ritorikadan çəkinməyə, normallaşma və davamlı sülhə doğru səyləri davam etdirməyə çağırırıq”, bəyanatda vurğulanır.

Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının aprelin 19-da baş tutan səkkizinci görüşündə tərəflər Azərbaycanın Qazax rayonu və Ermənistanın Tavuş rayonu arasındakı sərhədin bir neçə seqmentinin delimitasiyası və demarkasiyası barədə ilkin razılaşma əldə ediblər.

Razılaşmaya əsasən, 1990-cı illərdən Ermənistanın nəzarətində olan dörd kənd Bakının suverenliyinə qaytarılacaq və sərhədlərin delimitasiya prosesi 1991-ci il Almatı bəyannaməsi əsasında davam etdiriləcək.

Həm Azərbaycan, həm də Ermənistandan olan rəsmilər ilkin razılaşmanın əlamətdar hadisə olduğunu vurğulayıblar.

Bundan əvvəl ABŞ, Avropa İttifaqı, Türkiyə, Almaniya, Gürcüstan, habelə BMT və ATƏT də razılaşmanı alqışlayıblar.

Bu gün, aprelin 23-də Azərbaycan və Ermənistanın rəsmi mənbələri ekspert qruplarının sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq, koordinatların dəqiqləşdirilməsi prosesinə başlamaları barədə məlumat yayıblar.

Forum

XS
SM
MD
LG