Accessibility links

ABŞ-da polis İsraillə maliyyə əlaqələrini kəsməyi tələb edən universitet tələbələri ilə toqquşub


Cənubi Kaliforniya Universitetində etirazçı fələstinliləri dəstəkləyən aksiyada kampusun Məzunlar Parkında universitetin ictimai təhlükəsizlik zabiti ilə qarşı-qarşıya gəlir. Los Anceles, Kaliforniya. 24 aprel, 2024.
Cənubi Kaliforniya Universitetində etirazçı fələstinliləri dəstəkləyən aksiyada kampusun Məzunlar Parkında universitetin ictimai təhlükəsizlik zabiti ilə qarşı-qarşıya gəlir. Los Anceles, Kaliforniya. 24 aprel, 2024.

Çərşənbə günü Harvard və digər universitetlərdə yeni etiraz düşərgələri qurulurkən ABŞ-ın Texas və Kaliforniya ştatlarında polis tələbə nümayişçiləri ilə toqquşub. Bu arada universitet rəhbərlikləri fələstinlilərə dəstək aksiyalarının vüsət alan dalğası ilə ayaqlaşmaq üçün yollar axtarırlar.

Austində yerləşən Texas Universitetində yüzlərlə yerli və ştat polisi, o cümlədən at belində və əli dəyənəkli polislər etirazçılarla toqquşaraq onları kampusun çəmənliklərindən qovaraq bir məqamda onları küçəyə tökülüşməyə vadar ediblər. Ştat İctimai Təhlükəsizlik Departamentindən verilən məlumata görə, universitet rəsmiləri və Texas ştatının qubernatoru Qreq Abbottun müraciətinə uyğun olaraq azı 20 nümayişçi saxlanılıb.

Cənubi Kaliforniya Universitetində polis etirazçılarla çadırlar üzərində çəkişərək geri çəkilməzdən əvvəl bir neçəsini yığışdırmağa nail olubl. Kaliforniyanın şimalında isə tələbələr Kaliforniya Ştat Politexnik Universitetində (Humboldt) üçüncü gündür ki, binanın içində barrikada qurublar. Kampus həftəsonu bağlanıb və dərslər virtual qaydada keçirilib.

Massaçusetsdəki Harvard Universiteti bu həftə Harvard Yard-a girişi məhdudlaşdırmaqla və çadır və masalar üçün icazə tələb etməklə etiraz aksiyalarını önləməyə çalışmışdı. Bu, çərşənbə günü universitetin Harvard Universiteti Tələbələrinin Fələstinlilərlə Həmrəylik Komitəsinin ləğvinə qarşı keçirilən mitinqdən sonra etirazçılara 14 çadırla düşərgə qurmağa mane olmayıb.

İsrail-HƏMAS müharibəsinə etiraz edən tələbələr məktəblərdən İsraillə maliyyə əlaqələrini kəsməyi və onun aylarla davam edən münaqişəsində iştirakçı şirkətlərdən divestisiya tələb edirlər. Onlarla adam asayişi pozan hərəkətlərdə ittiham olunaraq həbs edilib. Bəzi yəhudi tələbələr etirazların antisemitizmə yuvarlandığını və kampusa ayaq basmaqdan qorxduqlarını deyirlər.

Kolumbiya Universiteti günün əvvəlində tələbələrlə polis arasında daha bir qarşıdurmanın qarşısını alıb. Burada vəziyyət gərgin olaraq qalır. Kampus rəsmiləri etirazçılarla danışıqları əlavə 48 saat davam etdirəcəklərini deyiblər.

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson kampusa səfər edərkən Kolumbiya Universitetinin prezidenti Minouche Shafiki "əgər bu xaosa nizam gətirə bilmirsə" istefa verməyə çağırıb.

"Əgər bu, tez bir zamanda dayandırılmasa və bu hədə-qorxulara son qoyulmasa, onda Milli Qvardiya üçün müvafiq vaxt var," o deyib.

Şafik düşərgənin təmizlənməsi ilə bağlı razılığa gəlmək üçün çərşənbə axşamı gecəyarısı möhlət qoymuşdu, lakin məktəb müzakirələri uzatdı və bildirdi ki, "vacib irəliləyişə" nail olur.

Çərşənbə günü axşam Kolumbiya Universitetinin sözçüsü bildirib ki, universitetin Milli Qvardiyanı gətirməklə hədələdiyi haqda şayiələr əsassızdır. Kolumbiyanın kommunikasiya üzrə vitse-prezidenti Ben Çanq deyib: "Bizim diqqətimiz nizam-intizamı bərpa etməyə yönəlib. Əgər biz dialoq yolu ilə buna nail ola bilsək, edəcəyik."

Düşərgənin yaxınlığında İsrail əsirlərinin şəkillərini yerləşdirən Kolumbiya Universitetinin ali tələbəsi Omer Lubaton Qranot insanlara xatırlatmaq istədiyini bildirib ki, hələ də HƏMAS tərəfindən saxlanılan 100-dən çox girov var.

Polis ilk dəfə keçən həftə 100-dən çox etirazçını həbs etməklə Kolumbiya Universitetindəki düşərgəni yığışdırmağa çalışdı. Bu addım əks-nəticə verdi və ölkənin digər tələbələrinə oxşar düşərgələr qurmaq və universitetdəki etirazçıları yenidən qruplaşmağa təşviq etmək üçün ilham mənbəyi kimi çıxış etdi.

Çərşənbə günü sakit görünən çadır düşərgəsində təxminən 60 çadır qalırdı. Kampus ətrafında təhlükəsizlik sıx saxlanılır, müsafirlərdən şəxsiyyət vəsiqəsi tələb olunur və polis dəmir barrikadalar qurub.

Minnesota Universitetinin kampusunda onlarla tələbə doqquz etirazçı həbs edildikdən bir gün sonra piket keçirib. Həmin gün polis kitabxananın qarşısında qurulmuş düşərgəni aradan yığşıdırdı. Qızı ötən həftə Kolumbiya Universitetində həbs edilmiş nümayişçilər arasında olan ABŞ Konqresinin üzvü İlhan Ömər də günün sonunda etiraz aksiyasına qatılıb.

80-dən çox professor və köməkçi professordan ibarət bir qrup çərşənbə günü universitetin prezidentini və digər administratorlarını bütün ittihamları geri götürməyə və gələcək düşərgələrə polis müdaxiləsi kimi dəyərləndirdikləri reaksiya olmadan icazə verməyə çağıran məktub imzalayıb.

Onlar dəhşətə gəldiklərini yazıblar ki, "administrasiya tələbələrimizin soyqırıma və Fələstinin davamlı işğalına qarşı sərbəst şəkildə çıxış etmək hüquqlarının belə aşkar pozulmasına icazə verər".

İsrail baş naziri Benyamin Netanyahu çərşənbə günü açıqlanan video-bəyanatda ABŞ-ın kollec kampuslarında fələstinlilərə dəstək nümayişlər reaksiyasında bir neçə universitet prezidentinin cavabının "utandırıcı" olduğunu deyib və ştat, yerli və federal rəsmiləri müdaxilə etməyə çağırıb.

Bəzi etiraz aksiyalarında iştirak edən tələbələr öz şəxsiyyətlərini gizlədirlər və özlərini müxbirlərə tanıtmaqdan imtina edirlər. Onlar cəzadan qorxduqlarını söyləyirdilər. Ann Arbordakı Miçiqan Universitetinin kampusunun mərkəzində yerləşən 40-a yaxın çadırdan ibarət düşərgədə demək olar ki, hər tələbə maska taxırdı. Onlar içəri girəndə bu maska onlara verilirdi.

Nümayişlərin yeni dalğası kampusun təhlükəsizliyini ifadə azadlığı hüququ ilə tarazlaşdırmağa çalışan universitetlər üçün mürəkkəb durum yaradıb. Çoxları uzun müddətdir ki, etiraz aksiyalarına dözürdülər, ancaq indi təhlükəsizliklə bağlı narahatlıqları əsas gətirərək daha sərt ölçülərə əl atırlar.

Polis bildirir ki, bu həftə Nyu-York Universitetində 133 etirazçı həbs edilib və hamısı asayişi pozmaq ittihamları ilə üzləşmək üçün məhkəməyə çıxmaq şərti ilə sərbəst buraxılıb. Bazar ertəsi Yale Universitetindəki düşərgədə 40-dan çox etirazçı həbs edilib.

Forum

XS
SM
MD
LG