Accessibility links

Ələsgər Məmmədli Daxili İşlər Nazirliyinin hospitalında müayinə olunub


Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Aprelin 26-da Ələsgər Məmmədli Daxili İşlər Nazirliyinin Hospitalında müayinə olunub və qan analizləri götürülüb. Sonra yenidən təcridxanaya qaytarılıb.

Əlsgər Məmmədlinin qardaşı Nəsimi Məmmədli aprelin 27-də onunla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşündən sonra bildirib ki, görüş yenə də şüşə səddin arxasından telefonla baş tutub.

“Ələsgər bəy ona dəstək verən bütün dostlara, tanışlara, ictimai-siyasi şəxslərə salamlarını və təşəkkürünü çatdırmağımı xahiş etdi. Dünən səhər (aprelin 26-da) Ələsgər bəyi DİN-in hospitalına aparıblar. Orada həkimlər tərəfindən müayinə olunub və qan analizləri götürülüb. Özünün və ailəmizin əsas narahat olduğu qalxanvari vəzində aşkar olunan şişlə bağlı biopsiya əməliyyatı yenə də icra edilməyib. Bizim güvəndiyimiz həkimlərin iştirakı da müayinə prosesində təmin olunmayıb. Axşam günün sonunda özünə heç bir izahat verilmədən müəmmalı şəkildə yenidən təcridxanaya qaytarıblar. Ələsgər bəyin səhhətindəki problemlə bağlı narahatlığımız davam edir. Solğun və yorğun bənizindən xəstə halını aydın görmək olurdu. Heç bir təqsiri olmadan uydurma ittihamla həbsdə saxlanan qardaşımın ömrünə qənim kəsilənlər heç vaxt bu məsuliyyətdən qurtula bilməyəcək", Nəsimi Məmmədli qeyd edib.

Ələsgər Məmmədlinin müayinəsinin nəticələri ilə bağlı Amerikanın Səsinin sorğusuna Daxili İşlər Nazirliyinin Mətbuat xidməti hələ cavab verməyib.

Martın 9-da Bakı şəhəri Xətai Rayon Məhkəməsi Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. O, qaçaqmalçılıqda ittiham olunur. Bundan öncə, martın 6-da hüquq-mühafizə orqanları Toplum TV-nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, əməkdaşlıarın evlərində axtarışlar aparıb. Axtarış zamanı ofisdə olan iyirmidən çox jurnalist və fəal polis tərəfindən saxlanılıb. Saxlanılanların bir hissəsi sərbəst buraxılsa da, Toplum TV-nin jurnalistləri Fərid İsmayılova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib), Müşfiq Cabbara, Elmir Abbasova (polisin nəzarətinə verilməklə ev dustaqlığı qətimkan tədbiri seçilib) və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb və barələrində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Beynəlxalq media müdafiə təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıb.

Forum

XS
SM
MD
LG