Accessibility links

Gürcüstan müxalifəti yenidən kütləvi etirazlara çağırış edib


Gürcüstanda fəallar və müxalif siyasətçilər mayın 2-də hökumətin mübahisəli “xarici agent haqqında” qanun layihəsinin təsdiqlənməsi ilə əlaqədar növbəti kütləvi etiraz aksiyasına çağırış edib.

Bundan bir gün əvvəl təhlükəsizlik qüvvələri qanunvericiliyin ləğvini tələb edən on minlərlə insanı zorakılıqla dağıdıb. Gürcüstanda günlərdir qanun layihəsinə etirazlar keçirilir.

Parlamentdəki Avrooptimistlər siyasi qrupunun lideri Roman Qotsiridze gürcüləri mayın 2-də saat 19-da milli qanunverici orqana gələrək "kukla hökümət"-lə üz-üzə dayanmağa səsləyib.

Parlamentin mətbuat mərkəzindən bildirilib ki, binada nəzərdə tutulan bütün tədbirlər, o cümlədən iclas və plenar iclaslar ən azı saat 14:00-a qədər dayandırılıb.

Mayın 1-də polis, qanun layihəsinin ikinci oxunuşundan sonra ölkənin indiyə qədər gördüyü ən böyük nümayişlərdən birini dağıdıb. Nümayişçilərə qarşı su şırnaqları, gözyaşardıcı qaz və digər vasitələrdən istifadə edilib. 60-a yaxın insan həbs edilib, ondan çox etirazçı yaralanıb.

Gürcüstan parlamenti "Xarici təsir haqqında" qanun layihəsini ikinci oxunuşda qəbul edib. Bu barədə "Azadlıq" radiosunun Gürcüstan xidməti xəbər verir. Qanun layihəsinin lehinə 83 deputat, əleyhinə isə 23 deputat səs verib.

Qanun layihəsinə əsaəsn 20 faizdən çox xaricdən maliyyələşən bütün qeyri-kommersiya, hüquqi şəxslər və KİV-lərdən “xarici agent” kimi qeydiyyatdan keçmək tələb ediləcək.

Tənqidçilər bu qanun layihəsini “Rusiya qanunu” adlandırır. Moskva öz tənqidçilərini susdurmaq üçün Rusiyadakı “xarici agent” qanununa istinad edir.

Qanuna qarşı çıxan Gürcüstan prezidenti Salome Zurabişvili gözlənildiyi kimi qanun üçüncü oxunuşda rəsmən qəbul olunsa, ona veto qoyacağını vəd edib.

ABŞ Dövlət Departamenti məsələ ilə əlaqədar bəyanat yayaraq bildirib ki, “Gürcüstan hökumətinin bəyanatları və hərəkətləri Aİ və NATO-ya üzvlüyün əsasını təşkil edən demokratik dəyərlərlə bir araya sığmır və beləliklə, Gürcüstanın Avro-Atlantik inteqrasiya yolunu təhlükə altına alır”.

Avropa Komissiyasının sədri Ursula von der Leyen Gürcüstanın yol ayrıcında olduğunu deyib. O, Gürcüstana Avropaya gedən yolda “qalması” barədə xəbərdarlıq edib.

Bu arada Anonymous beynəlxalq hakerlər qrupu mayın 2-də “Gürcü Arzusu” partiyasının və hökumətyönlü “PostTV” telekanalının internet saytlarının sındırılmasına görə məsuliyyəti öz üzərinə götürüb. Hər iki internet sayt mayın 1-dən etibarən əlçatmazdır.

Anonymous bu addımı "sözügedən qanuna etiraz edənlərə qarşı göstərilmiş polis zorakılığına cavab" adlandırıb və xəbərdarlıq edib ki, "gürcü polisinin öz vətəndaşlarına qarşı qeyri-insani hərəkətləri" səbəbindən daha çox hökumət saytları sındırılacaq.

Forum

XS
SM
MD
LG