Accessibility links

Fiziki cəhətdən məhdudiyyəti olan fəal təcridxananın tibb-sanitariya hissəsinə yerləşdirilib


Famil Xəlilov (Mənbə: Sosial şəbəkə)
Famil Xəlilov (Mənbə: Sosial şəbəkə)

Fiziki cəhətdən məhdudiyyəti olan ictimai fəal Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.

Bu barədə mayın 7-də vəkil Bəhruz Bayramov Xəlilovla görüşdən sonra Amerikanın Səsinə bildirib.

Vəkilin sözlərinə görə, Xəlilovun hər iki əli iflicdir, köməksiz vəziyyətdədir.

“O, istintaq təcridxanasının adi kamerasında bir neçə gün qalıb. Dünən tibb-sanitariya hissəsinə köçürüldükdən sonra işçilər onu yedirtməyə başlayıblar. Bundan əlavə, Xəlilovun arterial təzyiqi dəyişir. O mənə dedi ki, ittiham absurddur, "iki iflic əlimlə necə narkotik maddə alveri edə bilərəm?", vəkil Xəlilovun sözlərindən sitat gətirib.

Fiziki cəhətdən məhdudiyyəti olan ictimai fəal Famil Xəlilov mayın 2-də saxlanılıb. Ailəsi onun həbsini sosial şəbəkələrdəki tənqidləri ilə əlaqələndirir.

Xəlilovun həyat yoldaşı Kiçikxanım Xəlilova bildirib ki, mayın 2-də Bakının Sulutəpə qəsəbəsində kirayədə yaşadıqları evə mülki geyimli şəxslər gəlib.

"Həyat yoldaşım 1-ci qrup əlildir, qollarının ikisi də iflicdir. Həmin gün onu hamamda çimizdirirdim. Qapı döyüldü, balaca qızım qapını açdı, sonra gəlib mənə dedi ki, əmilər var çöldə, çağırırlar. Mən çıxanda özlərini polis kimi təqdim etdilər. Ondan sonra yoldaşımı hamamdan çıxarmaq üçün getdim, qayıdanda gördüm ki, evdə həddindən artıq çox qara paltarda adam var, evin ikinci mərtəbəsində də adamlar var idi".

Fəalın həyat yoldaşı qeyd edib ki, bütün evi axtarandan sonra polis əməkdaşları Xəlilovu aparıblar.

"Famili sürüyərək evdən həyətə çıxartdılar. Ondan sonra yenidən apardılar evə, özləri də videoçəkiliş edirdilər. Yoldaşıma "qalx ikinci mərtəbəyə" deyəndə, qayıtdı ki, mən 8 aydır bu evdəyəm, 1 dəfə də bu piləkəni qalxmamışam, çünki pilləkənləri çıxa bilmirəm. Onlar yoldaşımı yuxarı qaldırıblar. Sonra isə başqa heç yerə əl vurmadan müstəntiq yataq otağında komodun siyirməsindən göy salfeti çıxartdı, orada da nəsə ağ bir şey olduğunu dedi. Mən israrla bildirdim ki, bu, bizə aid deyil".

Xəlilovanın sözlərinə görə, yoldaşı Cinayət Məcəlləsinin 234.4.3-cü (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

"Həmin gün məni və 3 azyaşlı uşağımı Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə apardılar. Orada biz həyətdə gözlədik. Bizdən Familin kompüter parolunu israrla istədilər. Sonra bizi buraxdılar, amma bir neçə gündür yoldaşımdan xəbərim olmadı, sadəcə gəlib dərmanlarını götürüb ona apardılar. İki gün sonra məlum oldu ki, yoldaşım barəsində artıq həbs qətimkan tədbiri seçilib".

Fəalın həyat yoldaşı bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Onu da qeyd edib ki, Famil Xəlilov mayın 4-də evə zəng edərək aclıq etdiyini bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və Penitensiar Xidmət hələ münasibət bildirməyib.

Forum

XS
SM
MD
LG