Accessibility links

Belarus Rusiya ilə taktiki nüvə silahlarına dair yoxlamalar aparır


Belarus çərşənbə axşamı bildirib ki, prezident Aleksandr Lukaşenkonun göstərişi ilə ordusunun taktiki nüvə silahı yerləşdirməyə hazır olub-olmadığı yoxlanılır. Bu açıqlama Rusiya Müdafiə Nazirliyinin taktiki nüvə silahı ilə bağlı təlimlər keçirməyi planlaşdırdığını bildirməsindən bir gün sonraya təsadüf edir.

Belarusun nüvə silahı yoxdur, lakin keçən il Rusiyanın Ukrayna müharibəsi fonunda Rusiyanın taktiki döyüş başlıqlarını öz ərazisində yerləşdirməyə razılıq verib. Lukaşenko apreldə bildirib ki, keçən il müqavilə əsasında Belarusda Rusiyanın “onlarla” taktiki nüvə silahı yerləşdirilib.

Rusiya prezidenti Vladimir Putin ötən ilin iyununda Moskvanın Qərbə xəbərdarlıq olaraq Belarusda bomba yerləşdirdiyini bildirib.

Lukaşenko bu cür silahlara cavabdeh olan qüvvələrin qəfil yoxlanılmasını əmr edib. Yoxlamalar zamanı “planlaşdırma, hazırlıq və taktiki nüvə silahı ilə zərbələrin tətbiqindən tutmuş bütün fəaliyyət spektri yoxlanılacaq”, Belarusun müdafiə naziri Viktor Xrenin bildirib.

Taktiki nüvə silahları döyüş meydanlarında qoşunlara qarşı istifadə üçün nəzərdə tutulub. Onlar bütün şəhərləri məhv etmək üçün nəzərdə tutulan uzaqmənzilli ballistik raketlərə quraşdırılmış nüvə başlıqlarından güclü deyil.

2022-ci ilin sonuna qədər Rusiya artıq nüvə gücünə malik olan “İsgəndər” raketlərini Belarusa yerləşdirmişdi.

Rusiya bazar ertəsi Moskvanın Britaniya, Fransa və ABŞ-dan təhdidlər olduğunu deməsindən sonra hərbi təlimlərdə taktiki nüvə silahlarının yerləşdirilməsi ilə məşğul olacağını bildirib.

Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilib ki, Rusiya “Fransa, İngiltərə və ABŞ-ın Rusiya Federasiyası ilə bağlı təxribat xarakterli bəyanatları və təhdidlərinə” cavab olaraq, taktiki nüvə silahı ilə təlimlər keçirməyi planlaşdırır.

Bu addım Qərb və Rusiya arasında Rusiyanın Ukraynada müharibəsinə görə gərginliyin daha da dərinləşdiyi ilə bağlı xəbərdarlıq hesab edilir.

Bazar ertəsi verilən bəyanat Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron və Fransa prezidenti Emmanuel Makronun son açıqlamalarına, eləcə də ABŞ-ın uzunmənzilli ATACMS və ya Ordu Taktik Raket Sistemlərinin Ukraynaya çatdırılmasına cavabdır.

Ukrayna hərbi kəşfiyyatının sözçüsü deyib ki, Kyiv bu təlimlərə öyrəşib, çünki “nüvə şantajı Putin rejiminin daimi praktikasıdır”.

Forum

XS
SM
MD
LG