Accessibility links

Şahid kürsüsündə porno aktrisa Stormi Daniels 2006-cı ildə Donald Trampla qarşılaşmasını təsvir edib


Stormi Daniels Nyu Yorkdakı Manhattan ştat məhkəməsində hakim Xuan Merçan qarşısında prokuror Susan Hoffinger tərəfindən sorğu-sual edilir. 7 may, 2024.
Stormi Daniels Nyu Yorkdakı Manhattan ştat məhkəməsində hakim Xuan Merçan qarşısında prokuror Susan Hoffinger tərəfindən sorğu-sual edilir. 7 may, 2024.

Çərşənbə axşamı Nyu Yorkdakı məhkəmə prosesində pornoqrafik film aktrisası Stormi Daniels ABŞ-ın keçmiş prezidenti Donald Trampla üz-üzə gələrək münsiflərə 2006-cı ildə onunla arzuolunmaz cinsi əlaqədə olduğunu və Trampın 2016-cı ildə uğur qazandığı seçki ərəfəsində bu barədə susmaq üçün $130,000 dollar aldığını bildirib.

Daniels bir neçə saat sürən ifadəsində Nevada ştatında məşhur Tahoe Gölü qolf turnirində Trampla necə tanış olduğunu, otel otağında şam yeməyinə necə dəvət edildiyini, Trampı necə “kobud və təkəbbürlü” gördüyünü bildirib. Daniels habelə Trampla “Celebrity Apprentice” reallıq şousuna çıxmağın mümkünlüyünü müzakirə etdiyini və sonra onunla Trampın baş verdiyini qəti şəkildə inkar etdiyi cinsi əlaqədə olduğunu deyib.

Trampın vəkili Todd Blanş bəzən açıq-saçıq detallarla müşayiət olunan ifadənin ardınca məhkəmənin ləğvinə çağırıb. Lakin Nyu York Ali Məhkəməsinin hakimi Xuan Merçan təsvirdəki bəzi ifrat detalların açıqlanmamasına tərəfdar olduğunu desə də, vəsatəti rədd edib.

Danielsin ifadəsi Nyu York prokurorlarının Trampı keçmiş vəkili Maykl Kohenə $130.000 dollar təzminat ödəməsini gizlətmək üçün özünün "Trump Organization" daşınmaz əmlak konqlomeratında biznes sənədlərini saxtalaşdırmaqda ittiham edən 34 maddəlik ittiham aktında əsas məqam təşkil edir.

Kohen Trampın səkkiz il əvvəl seçkiyə bir neçə gün qalmış seçicilərdən gizlətməyə çalışdığı iddia edilən cinsi əlaqə iddiasını susdurmaq üçün Danielsə pul ödəmişdi.

Sabiq prezident Donald Tramp Manhattan Cinayət Məhkəməsində əyləşib. 7 may, 2024. Nyu York şəhəri, ABŞ.
Sabiq prezident Donald Tramp Manhattan Cinayət Məhkəməsində əyləşib. 7 may, 2024. Nyu York şəhəri, ABŞ.

Qara paltar geyinmiş Daniels şahid kürsüsünə Trampdan bir qədər aralıda əyləşib. Bu, 2007-ci ildə Trampı Nyu Yorkdakı "Trump Tower" biznes ofisində ziyarət etməsindən sonra onların ilk qarşılaşması idi.

Daniels 2006-cı ildə qolf kurortunda 27, Tramp isə 60 yaşında olarkən onunla cinsi əlaqədə olduğunu iddia etdikdən sonra çoxlu telefon danışıqları apardıqlarını, lakin bir daha cinsi əlaqəyə girmədiklərini söyləyib.

Nadir hallarda onu nalayiqlikdə ittiham edən insanlarla üz-üzə gəlmək məcburiyyətində qalmış Tramp ifadəni diqqətlə dinləyib, müxtəlif məqamlarda vəkillərlə pıçıldaşıb, və bir dəfə məhkəmə zalında jurnalistlərin dediyinə görə, Danielsin iddialarından birinə cavab olaraq zahirən söyüş söyüb.

Bu, Daniels Trampın otel otağındakı söhbətlərini təsvir edərkən baş verib.

Daniels həmin vaxt Trampdan soruşduğunu xatırlayıb: “Sən həmişə belə kobudsan? Həmişə belə təkəbbürlü və lovğasan? Sanki heç söhbət aparmağı da bilmirsən.”

"Mən dedim, 'kimsə səni şapalaqlamalıdır'," deyə Daniels əlavə edib. “Beləliklə, o, jurnalı yuvarladı və məni bunu etməyə cəsarətləndirdi."

Bundan sonra Daniels söhbətin ahənginin yaxşılaşdığını söyləyib.

"O, daha nəzakətli idi," Daniels deyib.

O, Trampdan bir il əvvəl evləndiyi həyat yoldaşı Melaniya haqqında soruşduğunu və buna cavabda Trampın onların "hətta eyni otaqda yatmadığı"nı deyərək narahatlığa əsas olmadığını dediyini qeyd edib.

Bundan az sonra Daniels Trampla cinsi əlaqədə olduğunu söyləyib. Bu əsnada detalların çoxunu xatırlamadığını, lakin narkotik təsiri altında və ya sərxoş olmadığını söyləyib.

Daniels ifadəsində bildirib ki, həmin anda, o, etiraz etməmiş, lakin bundan həzz də almamışdı. O, ikisi arasında güc dinamikasında bir "qeyri-balans" olduğunu hiss etdiyini bildirib.

Daniels Trampın vəkilləri tərəfindən sorğu-sual ediləcək.

Hazırda 2024-cü ildə Respublikaçıların prezidentliyə ehtimal olunan namizədi Tramp Danielsin cinsi əlaqə iddiasını və üzləşdiyi 34 ittihamın hamısını rədd edib. Günahı sübuta yetirilərsə, o, şərti cəzaya və ya 4 ilə qədər həbsə məhkum oluna bilər.

Artıq dördüncü həftədir ki, davam edən məhkəmə prosesində prokurorların gətirdikləri şahidlər 12 nəfərlik münsiflər heyətinə seks və skandal hekayələri, 2016-cı il seçkilərində Trampa kömək etmək üçün uydurma hekayələrdən ibarət biədəb sensasion jurnalistika haqda ifadələr veriblər.

Gizli ödəniş aldığı iddia edilən Danielsdən əlavə məhkəmə işində Playboy modeli Karen McDougalın adı da hallanır. Tramp həmçinin McDougalın 2006 və 2007-ci illərdə onunla 10 aylıq münasibəti barədə iddiasını rədd edib.

Forum

XS
SM
MD
LG