Accessibility links

Əli Rəzizadə Nadarlı Tehranın Evin həbsxanasına qayıdıb


Əli Rəzizadə Nadarlı
Əli Rəzizadə Nadarlı

Tehranın Evin həbsxanasında həbs cəzasını çəkməkdə olan siyasi fəal və türk dil haqları müdafiəçisi Əli Rəzizadə Nadarlı bir neçə günlük məzuniyyətinin bitməsindən sonra həbsxanaya qayıdıb.

İnsan hüquqları ilə bağlı məlumatlar yayımlayan HRA agentliyi və Abbas Lisani Telegram kanalı kimi mənbələrin xəbərinə görə, may ayının 6-da məzuniyyətə buraxılan siyas fəal şənbə günü həbsxanaya qayıdıb. Nadarlı bir milyard tümənlik mülki zəmanət qarşılığında məzuniyyətə çıxmışdı.

Rəzizadə daha əvvəl “İranın milli təhlükəsizliyini pozmaq məqsədilə Pantürkizm qrupuna üzv olmaq” ittihamı əsasında Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsi tərəfindən 2 il həbs, eləcə də 2 il ölkə xaricinə çıxış və qruplara üzv olmaq qadağası cəzasına məhkum olunmuşdu.

Məhkəmə hökmündə yazılanlara görə, o, Instagram sosial şəbəkəsində yaratdığı səhifədə “pantürkist düşüncələri yaymaq məqsədilə video paylaşmaq və ölkə təhlükəsizliyinə qarşı olan pantürkist məhkumları himayə etmək” səbəbilə bu ittihamla üzləşib.

Tehran Apellyasiya Məhkəməsinin 36-cı şöbəsi daha sonra ilkin məhkəmənin hökmünü qüvvədə saxlayıb. Ancaq həbs cəzasının bir ilini 5 il sınaq müddəti olmaqla şərti hesab edib.

Rəzizadə keçən ilin iyul ayında siyasi fəallar və jurnalistlərə qarşı ağır cəzalar çıxarması ilə tanınan İnqilab Məhkəməsi hakimi Əbülqasim Salavati tərəfindən həbs və digər məhrumiyyətlər cəzasına məhkum edilmişdi. Salavati 2019-cu ilin dekabr ayında ABŞ-ın İran rəsmilərinə qarşı tətbiq etdiyi sanksiya siyahısına daxil edilib.

Əslən Şərqi Azərbaycan vilayətinin Şəbistər şəhərində yerləşən Nadarlı qəsəbəsindən olan Əli Rəzizadə evlidir və bir oğlan uşağının atasıdır. Nadarlı qəsəbəsinin sakinləri milli-mədəni fəaliyyətləri ilə tanınırlar. Xüsusilə 2023-cü ildən bəri İranın təhlükəsizlik qurumları tərəfindən Nadarlı qəsəbəsindən olan fəallara qarşı təzyiqlərin artdığı bildirilir.

Forum

XS
SM
MD
LG