Accessibility links

İsrail Qəzzanın şimalına çəkilir və Rəfaha hərbi təzyiqləri artırır


Köçkün fələstinlilər İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrail qüvvələrinin Qəzzanın şərqində qurudan və havadan əməliyyat başlatmasından sonra Rəfahı tərk edir, 12 may 2024.
Köçkün fələstinlilər İsrail və HƏMAS arasında davam edən qarşıdurma fonunda İsrail qüvvələrinin Qəzzanın şərqində qurudan və havadan əməliyyat başlatmasından sonra Rəfahı tərk edir, 12 may 2024.

İsrail Qəzza səhiyyə rəsmilərinin bildirdiyinə görə, 19 nəfərin ölümü və onlarla insanın yaralanması ilə nəticələnən ağır hava və yerüstü bombardmanlardan sonra bazar günü səhər Qəzza zolağının şimalındakı Cəbəliyənin şərq hissəsinə tanklar göndərib.

Cəbəliyə Qəzzadakı səkkiz tarixi qaçqın düşərgəsindən ən böyüyüdür və burada 100 000-dən çox insan yaşayır. Onların əksəriyyəti 1948-ci ildə İsrail dövlətinin yaranmasına gətirib çıxaran Ərəb-İsrail müharibəsi zamanı indiki İsrail ərazisində şəhər və kəndlərdən qovulmuş fələstinlilərin nəslindəndir.

İsrail ordusu şənbə günü axşam saatlarında Cəbəliyədə əməliyyat həyata keçirən qüvvələrin Qəzza zolağına nəzarət edən HƏMAS-ın orada hərbi potensialını bərpa etməsinə mane olduğunu bildirib.

“Son həftələrdə HƏMAS-ın Cəbəliyədə hərbi potensialını bərpa etmək cəhdlərini müəyyən etdik. Biz bu cəhdlərin qarşısını almaq üçün orada fəaliyyət göstəririk”, İsrailin hərbi sözçüsü, kontr-admiral Daniel Həqari brifinq zamanı jurnalistlərə bildirib.

O həmçinin Qəzza şəhərinin Zeytun bölgəsində əməliyyat həyata keçirən İsrail qüvvələrinin 30-a yaxın fələstinli militantı öldürdüyünü bildirib.

“Hava və qurudan hücumlar dünəndən dayanmır, onlar hər yeri, o cümlədən evlərini itirmiş insanların yaşadığı məktəbləri bombalayıblar”, 45 yaşlı Cəbəliyə sakini Səid deyib.

“Müharibə yenidən başlayır, Cəbəliyədə vəziyyət belədir. Yeni hücum bir çox ailəni təxliyə etməyə məcbur edir”, o, Reuters agentliyinə bildirib.

İsrail ordusu Qəzza şəhərinin şərq hissəsindəki Əl-Zeytun, eləcə də Əl-Səbraya tankları geri göndərib. Burada da sakinlər çoxmərtəbəli yaşayış binaları da daxil olmaqla, bir neçə evi dağıdan güclü bombardmanların olduğunu bildiriblər.

İsrail ordusu bir neçə ay əvvəl bu ərazilərin əksəriyyətinə nəzarəti ələ keçirdiyini bildirib.

Sakinlərin və HƏMAS mediası tankların şərqdəki Deyr Əl-Bələh şəhərinə daxil olmadığı, lakin bir neçə İsrail tankı və buldozerinin şəhərin kənarındakı hasarı aşaraq keçməsinin HƏMAS militantları ilə atışmaya səbəb olduğu barədə məlumat verib.

Müharibəyə HƏMAS-ın oktyabrın 7-də İsrailin cənubuna İsrailin bildirdiyinə görə, təxminən 1200 nəfərin ölümü, 250-dən çox insanın isə girov götürülməsi ilə nəticələnən hücumundan sonra başlayıb.

Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlarda 35 minə yaxın fələstinli həlak olub. Bombardman sahil boyu anklavın dağılması və dərin humanitar böhrana səbəb olub.

Forum

XS
SM
MD
LG