Mayın 12-də rəsmi Kyiev Ukraynanın yüksək rütbəli hərbi komandirinin “həlledici döyüşlərin” getdiyini deməsindən sonra Xarkiv vilayətinin sərhəd zonasının “bütün ərazilərinin” Rusiyanın hücumu altında olduğunu bildirib. Kreml isə bildirdiyi kimi, Ukraynanın Rusiyanın Belqorod şəhərində yaşayış binasına hücumunu kəskin tənqid atəşinə tutub.
Xarkiv qubernatoru Oleh Sinehubov Telegram kanalında bildirib ki, Rusiya qüvvələri “mülki əhaliyə atəş açmağa davam edir”.
“Bu gün kütləvi artilleriya və hava zərbələrinin sayı artıb. Volçansk, Liptsı və şimal sərhədinin bütün məntəqələri demək olar ki, gecə-gündüz düşmən atəşi altındadır” - deyə, o bildirib və “vəziyyətin ağır olduğunu” əlavə edib.
Kreml qüvvələri Ukraynanın təxminən 1,4 milyon əhalisi olan ikinci ən böyük şəhəri olan Xarkivdən şərqdə yaşayış məntəqələrini ələ keçirməyə çalışdığı vaxt müharibədən əvvəl təxminən 17,500 əhalisi olan sərhəd şəhəri Vovçansk Rusiyanın son hücumunun mərkəzinə çevrilib.
Ukraynanın yüksək səviyyəli hərbi komandiri bildirib ki, ölkənin şimal-şərqində əhalinin genişmiqyaslı təxliyələri davam etdiyi vaxt Kyiv qüvvələri Rusiya qüvvələrinin müdafiəni keçməsinin qarşısını alıb.
“Müdafiə qüvvələrinin bölmələri şiddətli müdafiə döyüşləri aparır”, general-polkovnik Aleksandr Sırski mayın 12-də Telegram kanalında yazıb. “Rusiya işğalçılarının müdafiəmizi yarıb keçmək cəhdlərinin qarşısı alınıb”, o qeyd edib.
Bununla belə, Rusiyanın Xarkiv vilayətində və Donetsk vilayətinin şərqində hücum səylərini gücləndirdiyi bir vaxtda Sırski Ukraynanın üzləşdiyi ağır vəziyyətlə bağlı Kiyevin xəbərdarlıqlarını təkrarlayıb.
Sırski bildirib ki, Rusiya Ukrayna ərazisinə daha dərindən irəliləmək məqsədi ilə cəbhədə bir neçə nöqtədə hücum edib.
“Vəziyyət çətindir, lakin Ukraynanın müdafiə qüvvələri müdafiə xətlərini və mövqelərini saxlamaq, düşmənə ziyan vurmaq üçün hər şeyi edir”, Sırski bildirib.
Sinehubov Mayın 12-də bildirib ki, Rusiya ilə həmsərhəd ərazidə hərbi əməliyyatların intensivləşməsindən sonra “mülki əhalinin həyatı və sağlamlığı üçün təhlükə olan” ərazilərdən 4000-dən çox insan təxliyə edilib.
Rusiya mayın 10-da bölgəyə yeni hücuma başlayıb və növbəti gün beş kəndi ələ keçirdiyini iddia edib. Mayın 12-də Rusiya qüvvələri daha dörd kəndi ələ keçirdiklərini iddia ediblər.
Ukrayna təsirə məruz qalan ərazilərdə nəzarət uğrunda mübarizə apardığını bildirib və belə görünür, Rusiyanın özünə qarşı zərbələr endirir.
Rusiya rəsmiləri bildiriblər ki, mayın 12-də Ukrayna tərəfindən atılan “Toçka-U” TRC raketinin hissələrinin Rusiyanın Xarkiv vilayəti ilə sərhəd yaxınlığında yerləşən vilayət paytaxtı olan Belqorod şəhərində yaşayış binasına düşməsi nəticəsində bir neçə nəfər ölüb, 20 nəfər yaralanıb.
“Belqorod şəhəri və Belqorod vilayəti Ukrayna silahlı qüvvələri tərəfindən kütləvi atəşə tutulub” - deyə, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib. O, yaşayış binasının dağıntıları altında daha çox insanın qala biləcəyini əlavə edib.
Qladkov özünün Telegram səhifəsində çökən yaşayış binasının video və görüntülərini yerləşdirib.
Rusiyanın TASS xəbər agentliyi Kremlin sözçüsü Dmitri Peskova istinadən bildirib ki, yaşayış blokuna “barbarcasına” hücum barədə prezident Vladimir Putin məlumatlandırılıb.
Moskva mülki əhalini hədəf aldığını inkar etsə də, Rusiya hava hücumları tez-tez xəstəxanalara, məktəblərə və yaşayış məntəqələrinə dağıdıcı təsir göstərir. Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra minlərlə Ukrayna vətəndaşı həlak olub.
Ukraynanın tez-tez dron və raket hücumlarının hədəfi olan Belqoroddakı insidentlə bağlı Kyiv heç bir şərh verməyib.
Hər iki tərəfin döyüş meydanında iddialarını dərhal yoxlamaq mümkün olmayıb.
Ukrayna prezidenti Volodimir Zelenski mayın 11-də gecə saatlarında videomüraciəti zamanı Xarkiv vilayətində gedən döyüşləri vurğulayaraq, Rusiyaya qarşı müharibədə ön cəbhədə vəziyyətlə bağlı narahatlığını bildirib. O həmçinin Donetsk vilayətinin şərqində vəziyyətin “xüsusilə gərgin olduğunu” deyib.
Ukrayna Baş Qərargahı mayın 11-də səhər saatlarında bir gecədə həyata keçirilən raket və dron hücumlarından əlavə əvvəlki 24 saat ərzində 100-dən çox döyüş bölgəsini qeyd edərək, Rusiyanın genişmiqyaslı hərbi müdaxilədən 27 ay sonra keçirdiyi kampaniyanın intensivliyinə işarə edib.
Rusiya həmçinin hücum dronlarına əlavə olaraq, qabaqcıl raketlərdən istifadəni genişləndirib və son zamanlar cəbhə xəttindən uzaqda yerləşən enerji infrastrukturunu hədəf alıb.
Forum