Accessibility links

ABŞ Senatoru Robert Menendezin korrupsiya üzrə məhkəməsi başlanır


Nyu Cersi ştatını təmsil edən ABŞ Senatoru Robert Menendez (Demokrat) Manhattan Federal Məhkəməsinə gəlir. Nyu York şəhəri, 13 may, 2024.
Nyu Cersi ştatını təmsil edən ABŞ Senatoru Robert Menendez (Demokrat) Manhattan Federal Məhkəməsinə gəlir. Nyu York şəhəri, 13 may, 2024.

Bazar ertəsi ABŞ Senatoru Robert Menendez üzərində korrupsiya üzrə məhkəmədə münsiflərin seçilməsi başlanıb. Bu məhkəmənin gedişatı Demokratların siyasi gələcəyini - konkret olaraq gələn il Senata hansı partiyanın nəzarət edəcəyini müəyyən edə bilər.

70 yaşlı Menendez rüşvət, fırıldaqçılıq və xarici agent kimi fəaliyyət də daxil olmaqla 16 cinayət ittihamı ilə üzləşir. O, Manhattan federal məhkəməsində Nyu-Cersi ştatının iki iş adamı ilə birlikdə mühakimə olunur.

Senatorun həyat yoldaşı Nadine Menendez də ittiham olunur, lakin onun məhkəməsi ayrı keçiriləcək. Dörd təqsirləndirilən şəxslərin hər biri günahsız olduğunu bildirib.

ABŞ Dairə Hakimi Sidni Steyn gələcək münsiflərə bildirib ki, məhkəmə altı-yeddi həftə sürə bilər.

Nyu-Cersinin qocaman senatoru Menendez noyabr ayında yeni seçkilərlə üzləşir və əgər bəraət qazanarsa, o, müstəqil namizəd olaraq dördüncü tam müddətə seçilməyə ümid bəsləyir.

Son rəy sorğuları Menendezin Nyu-Cersi seçiciləri arasında olduqca qeyri-populyar olduğunu göstərir. Nyu Cersi ştatının digər senatoru Kori Buker də daxil olmaqla bir çox Demokrat senator onu istefa verməyə çağırıb. Hazırda Demokratlar və onlara yaxın müstəqillər Senatda 51:49 nisbətində çoxluğa malikdirlər.

Prokurorların sözlərinə görə, Menendezlər siyasi nüfuza malik senatorun Misir və Qətər hökumətlərinə xidmətləri müqabilində nağd pul, qızıl, və Mercedes-Benz maşını əldə ediblər.

İddiaya görə, senator Misirə silah satışı və digər hərbi yardımlar əldə etməkdə kömək edəcəyinə söz verib. O, misirli amerikalı iş adamı Vael Hanaya Misirə halal ət ixracının sertifikatlaşdırılması ilə bağlı gəlirli monopoliya əldə etməyə kömək edib.

Prokurorlar həmçinin bildiriblər ki, Menendez Nyu-Cersinin məşhur daşınmaz əmlak biznesmenlərindən olan müttəhim Fred Daibesə kömək etməyə, Qətər investisiya fondundan milyonlarla dollar əldə etməyə və Nyu-Cersi ştatında Daibesə qarşı federal cinayət işini pozmağa çalışıb.

Prokurorların sözlərinə görə, Menendezlərin aldığı pulun çoxu onların evindəki paltarların içində saxlanılıb.

Menendez və həyat yoldaşı həm də istintaqı pozmaq cəhdində ittiham olunurlar. İttiham olunan cinayətlər 2018-2023-cü illər arasında baş verib.

Müdafiə heyəti psixiatrın "qıtlıq qorxusu" səbəbindən senatorun müntəzəm olaraq evində pul saxladığına şahidlik etməsini istəyir.

Müdafiə vəkillərinin sözlərinə görə, Menendez bu hərəkətə Kuba hökumətinin o doğulmamışdan əvvəl ailəsinin əmlakını ələ keçirməsinə və oğlu qumar borclarını ödəməyi dayandırdıqdan sonra atası intihar etməsinə cavab olaraq "ayaqlaşma mexanizmi" qismində əl atıb.

Bu, Menendezin ikinci korrupsiya məhkəməsidir.

2017-ci ildə Nyu-Cersi ştatının federal hakimi Menendezin zəngin oftalmoloq Salomon Melgenə dəbdəbəli hədiyyələr və siyasi donorluq müqabilində yardım göstərdiyi barədə münsiflər arasında fikir ayrılığı yarandıqdan sonra məhkəməni ləğv etmişdi.

Menendez 2006-cı ildə senator seçilib. O, Senatın nüfuzlu Xarici Münasibətlər Komitəsinə sədrlik etsə də, ittiham olunduqdan sonra keçən ilin sentyabr ayında bu vəzifəni tərk edib.

Forum

XS
SM
MD
LG