Accessibility links

Vedant Patel: ABŞ Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanmağa davam edir


ABŞ Azərbaycan və Ermənistan arasında sülhün mümkün olduğuna inanmağa davam edir.

Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel brifinq zamanı deyib.

“Biz sülhün mümkün olduğuna inanmağa davam edirik. Dövlət katibi və başqaları sülh yolu ilə nizamlanma prosesində fəal iştirak etməyə davam edirlər. Tərəflər arasında danışıqların gedişi ilə bağlı məlumatım yoxdur, amma biz bu prosesi dəstəkləməyə davam edəcəyik”, o bildirib.

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın 10-11 may tarixlərində Qazaxıstanın Almatı şəhərində görüşü olub.

Azərbaycan tərəfinin məlumatına görə, ikitərəfli görüşdə nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Nazirlər və onların nümayəndə heyətləri “Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəalarının müzakirəsini davam etdiriblər.

“Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar”, məlumatda qeyd edilir.

Ermənistanın Xarici İşlər Nazirliyi də görüşlə bağlı oxşar tərkibli məlumat yayaraq nazirlərin delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqılaşdıqlarını qeyd edib.

“Nazirlər və onların nümayəndə heyətləri Ermənistan və Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair ikitərəfli Saziş layihəsinin müddəaları ətrafında müzakirələri davam etdiriblər. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər”, Ermənistan tərəfinin məlumatında qeyd edilir.

2024-cü il aprelin 19-da Azərbaycan və Ermənistan sərhəd komissiyaları Azərbaycanın Qazax rayonunun dörd kəndinin qaytarılması barədə razılığa gəlib.

İki ölkənin sərhəd komissiyaları delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) - Bağanis Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) - Aşağı Əskipara (Azərbaycan), Kirants (Ermənistan) – Xeyrimli (Azərbaycan) və Berkaber (Ermənistan) - Qızılhacılı (Azərbaycan) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar.

Forum

XS
SM
MD
LG