Accessibility links

Rusiya 60 Ukrayna dronunu vurduğunu deyir


Rusiya rəsmiləri bazar günü bildiriblər ki, Ukrayna Rusiyanın cənubundakı bir neft emalı zavodunu fəaliyyətini dayandırmağa məcbur edən iri hücumda Krıma doqquz ATACMS (Ordu Taktiki Raket Sistemi) atıb və ən azı 60 pilotsuz təyyarə ilə Rusiya bölgələrinə hücum edib.

Rusiya Müdafiə Nazirliyinin bildirdiyinə görə, Rusiya hava hücumundan müdafiə qüvvələri Krım üzərində 9 ABŞ istehsalı olan ATACMS raketini, Rusiyanın Krasnodar vilayəti üzərində 57 və Belqorod vilayəti üzərində isə üç dronu vurub.

Yerli rəsmilərin verdiyi məlumata əsasən, altı pilotsuz təyyarə Rusiyanın Krasnodar vilayətinin cənubundakı Slavyanskda neft emalı zavodunun ərazisinə düşüb. İnterfaks xəbər agentliyi hücumdan sonra neft emalı zavodunun işini dayandırdığını bildirib.

Slavyansk neft emalı zavodu ildə 4 milyon metrik ton neft, təxminən 1 milyon barel istehsal gücünə malik özəl zavoddur.

Kyivdən hücumla bağlı dərhal şərh verilməyib.

Rusiya bu ayın əvvəlində Ukraynanın şimal-şərqindəki Xarkiv vilayətində yeni cəbhə açdıqdan sonra Ukrayna tərəfindən ərazisinə hücumlarının artdığını bildirib.

Prezident Vladimir Putin deyir ki, Rusiya özünü bu cür hücumlardan qorumaq üçün bufer zonası yaradır. Rusiya rəsmiləri bildiriblər ki, Ukraynanın Qərb silahları ilə Rusiya ərazisinə hücumu Qərblə Rusiya arasında daha geniş müharibəyə səbəb ola bilər.

Rusiya şənbə günü Rusiya qüvvələrinin Ukraynanın Xarkiv vilayətinin Staritsia kəndini ələ keçirdiyini və Rusiya qüvvələrinin Sumi bölgəsi də daxil olmaqla cəbhə boyu Ukrayna bölmələrini məğlub etdiyini bildirib.

Bu arada Ukrayna Hərbi Hava Qüvvələrinin rəisi bazar günü bildirib ki, Ukrayna qüvvələri Rusiyanın bir gecədə buraxdığı 37 hücum dronunun hamısını məhv edib.

“Hava hücumuna qarşı döyüşdə Kyiv, Odessa, Mikolayev, Sumi, Vinnitsa, Jitomir, Çerkassı və Xerson vilayətlərində 37 “Shahed”in hamısı vurulub”, - komandir bildirib.

Odessa qubernatoru Oleh Kiper Teleqram hesabında Odessa vilayətində 20 pilotsuz təyyarənin məhv edildiyini bildirib.

"Odessa rayonunda inzibati bina qırıntıların düşməsi nəticəsində zədələnib. Odessada qırıntılar yaşayış massivinin həyətinə düşüb. Xoşbəxtlikdən xəsarət alan olmayıb", - Kiper deyib.

Digər bölgələrdə hərbi və mülki hakimiyyət orqanları tərəfindən dağıntı və ya tələfat barədə məlumat verilməyib.

Reuters agentliyi xəbərləri müstəqil şəkildə yoxlaya bilməyib.

Forum

XS
SM
MD
LG