Accessibility links

İsrail və HƏMAS liderlərinin həbsinə orderlə bağlı açıqlamalara beynəlxalq reaksiyalar


Arxiv fotosu - Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, 31 mart 2021.
Arxiv fotosu - Haaqada Beynəlxalq Cinayət Məhkəməsi, 31 mart 2021.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru Kərim Xanın bazar ertəsi mayın 20-də İsrail və HƏMAS arasında müharibə ilə əlaqədar İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, eləcə də Qəzzada HƏMAS-ın üç liderinin müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməklə əlaqədar həbsinə order verilməsini istədiyini açıqlaması reaksiyalarla qarşılanıb.

İsrail prezidenti İsxak Hersoq bu açıqlamanın “hiddət doğurduğunu” və “beynəlxalq məhkəmə sisteminin nə dərəcədə dağılmaq təhlükəsi ilə üzləşdiyini göstərdiyini” bildirib.

İsrailin xarici işlər naziri İsrael Katz Hersoqun şərhlər ilə səsləşən açıqlamalarında Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu və Qallantın həbsinə order verilməsi tələbini “hiddət doğuran qərar” adlandırıb.

ABŞ prezidenti Co Bayden Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun Qəzzada müharibə ilə əlaqədar İsrail rəsmilərinin həbsinə order verilməsi tələbinə reaksiya göstərib. “Prokuror nə desə də, İsraillə HƏMAS arasında heç bir ekvivalent yoxdur”, prezident Bayden bildirib.

ABŞ prezidenti Ağ Ev tərəfindən açıqlanan bəyanatında Birləşmiş Ştatların “İsrailin təhlükəsizliyinə təhdidlərə qarşı hər zaman onun yanında olacağını” vurğulayıb.

ABŞ dövlət katibi Antoni Blinken də həmçinin Birləşmiş Ştatların Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun İsrail və HƏMAS rəsmilərinin həbsinə order verilməsi ilə bağlı müraciət etdiyi barədə açıqlamasını əsaslı şəkildə rədd etdiyini bildirib.

Blinken ABŞ-ın Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun İsrail və HƏMAS-ı eyniləşdirməsini rədd etdiyini bildirərək, qərarı “utancverici” adlandırıb.

“HƏMAS Holokostdan sonra yəhudilərə qarşı ən dəhşətli qətliam törədən və hələ də amerikalılar da daxil olmaqla onlarla günahsız insanı girov saxlayan qəddar terror təşkilatıdır”, Dövlət Departamentinin açıqladığı bəyanatda qeyd edilir.

Blinken Beynəlxalq Cinayət Məhkəməsinin səlahiyyətinin məhdud olduğunu və bu səlahiyyət həddinin altında yatan “tamamlayıcılıq prinsiplərinin” tətbiq edilmədiyini, Baş prokurorun İsrailin hüquq sisteminə fürsət vermək əvəzinə həbs qərarı tələb etdiyini bildirib.

Blinken Birləşmiş Ştatların indiki münaqişənin başlamasından xeyli əvvəl Beynəlxalq Cinayət Məhkəməsinin bu məsələdə yurisdiksiyasının olmadığını açıqladığını qeyd edib. O, Beynəlxalq Cinayət Məhkəməsinin iştirakçı dövlətlər tərəfindən məhdud yurisdiksiya məhkəməsi kimi yaradıldığını vurğulayıb.

“Bu məhdudiyyətlər bir-birini tamamlama prinsiplərinə əsaslanır” deyən Blinkenin sözlərinə görə, “prokurorun İsrailin hüquq sisteminə tam və vaxtında hərəkət etmək imkanı vermək əvəzinə, həbs qərarı tələb etməyə tələsdiyi vaxt göründüyü kimi, bu prinsiplər tətbiq edilməyib.”

O, Beynəlxalq Cinayət Məhkəməsinin baş prokurorunun digər hallarda dövlətlərlə əməkdaşlıq etdiyini və müvafiq ölkələrə istintaq aparmağa vaxt verdiyini qeyd edib. Blinken baş prokurorun İsrailə eyni imkanı vermədiyini bildirib.

ABŞ dövlət katibi Blinken İsrailin məhkəmənin üzvü olmasa da, prokurorlarla əməkdaşlığa hazır olduğunu və Xanın araşdırmanı müzakirə etmək üçün gələn həftə İsrailə səfərinin gözlənildiyini deyib.

Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları səfəri əlaqələndirmək üçün bu gün mayın 20-i İsrailə səfər etməli idilər. Xanın ittihamları açıqladığı vaxt İsrailə səfərin ləğvi barədə məlumat verilib.

ABŞ dövlət katibi bu və digər halların istintaqın legitimliyi və etibarlılığı ilə bağlı suallar yaratdığını bəyan edib.

Blinken qeyd edib ki, bu qərar girovların xilas edilməsi, atəşkəsin əldə edilməsi və regiona humanitar yardımın artırılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsi üçün davam edən səyləri təhlükə altına qoya bilər.

ABŞ, Böyük Britaniya və digər ölkələrin terrorçu təşkilat kimi tanıdığı islamçı HƏMAS Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun qrupun üç aparıcı üzvünün həbsinə order verilməsi ilə bağlı qərarın çıxarılmasını istədiyi ilə bağlı verdiyi açıqlamanı pisləyib. Qrup Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xanı “qurbanı cəlladla eyniləşdirməyə” çalışmaqda ittiham edib.

Bazar ertəsi verdiyi açıqlamada HƏMAS “silahlı müqavimət” də daxil olmaqla, İsrailin işğalına müqavimət göstərmək hüququna malik olduğunu bildirib.

Beynəlxalq Cinayət Məhkəməsinin baş prokuroru bazar ertəsi İsrail-HƏMAS müharibəsi ilə bağlı İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant, Qəzzada HƏMAS lideri Yəhya Sinvar və HƏMAS-ın digər iki rəsmisinin həbsinə order verilməsini istədiyini bəyan edib.

Kərim Xan verdiyi açıqlamasında bildirib ki, onun ofisi Netanyahu və Qallantın müharibə üsulu olaraq, mülki əhalinin aclığa məhkum edilməsi və mülki əhaliyə qarşı qəsdən hücumlar da daxil edilməklə, müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlərə görə “cinayət məsuliyyəti daşımalı” olduğunu hesab edir.

İsrail Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və hətta həbs orderi çıxarılsa belə, Netanyahu və Qallant dərhal mühakimə olunma riski ilə üzləşmir.

Lakin Xanın açıqlaması müharibəni davam etdirən İsrailin təcridini artırır və həbs təhlükəsi İsrail liderlərinin xaricə səyahətini çətinləşdirə bilər.

İsrail Qəzza zolağında müharibəyə HƏMAS-ın oktyabr ayında İsrailə qarşı İsrail rəsmilərinin bildirdiyinə görə, 1200 nəfərin ölümü və təxminən 250 nəfəri girov götürməsi ilə nəticələnən terror hücumundan sonra başlayıb.

Qəzzanın HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzada əks-hücumu 35,400-dən çox fələstinlinin ölümülə nəticələnib. Nazirliyin məlumatı mülki vətəndaşlar və militantların sayını əhatə edir, lakin ölənlərin əksəriyyətinin qadın və uşaqlardan ibarət olduğu bildirilir.

İsrail 14 000-dən çox militant və 16 000-ə yaxın dinc sakinin öldürüldüyünü bildirir.

Forum

XS
SM
MD
LG