Accessibility links

İsrail naziri kəskin reaksiyalardan sonra Associated Press-in müsadirə edilmiş avadanlıqlarının geri qaytarılmasına göstəriş verib


Associated Press agentliyinin İsrail rəsmiləri tərəfindən ələ keçirilməzdən əvvəl İsrailin cənubundan Qəzzanın şimalının ümumi görünüşünü göstərən videosundan çəkilmiş görüntü, 21 may 2024.
Associated Press agentliyinin İsrail rəsmiləri tərəfindən ələ keçirilməzdən əvvəl İsrailin cənubundan Qəzzanın şimalının ümumi görünüşünü göstərən videosundan çəkilmiş görüntü, 21 may 2024.

İsrailin rabitə naziri çərşənbə axşamı Qəzzadan canlı video xəbərlərin yayımını əngəllədikdən sonra Associated Press agentliyinin müsadirə edilmiş kamera avadanlıqlarının geri qaytarılması barədə göstəriş verib.

Bu addım mətbuat azadlığı qrupları, ABŞ hökuməti və BMT-nin hadisəni mətbuat azadlığının pozulması kimi qınamasından sonra atılıb.

İsrail rəsmiləri çərşənbə axşamı yeni xarici media qanununa istinad edərək Associated Press (AP) agentliyinin avadanlıqlarını müsadirə edib və Qəzzadan canlı xəbər yayımını kəsib.

Rəsmilər çərşənbə axşamı İsrailin cənubunda agentliyə məxsus kamera və yayım avadanlıqlarını ələ keçirib. Onlar Associated Press-i İsrailin Əl-Cəzirə tele kanalı ilə bağlı yeni qadağasını pozmaqda ittiham ediblər.

Əl-Cəzirə Associated Press-dən canlı video lentləri alan minlərlə kanal arasındadır.

Mətbuat azadlığı qrupları, ABŞ hökuməti və BMT baş verənlərlə bağlı narahatlığını bildirib. AP İsrail hökumətini bu ölçünü geri götürməyə çağırıb.

“Associated Press, İsrail hökumətinin Qəzza zolağında uzun müddətdir davam edən canlı yayımımızı dayandırmaq və AP avadanlıqlarını ələ keçirmək üçün hərəkətlərini ən sərt şəkildə pisləyir,” Associated Press agentliyinin korporativ əlaqələr üzrə vitse-prezidenti Lauren Easton verdiyi açıqlamada bildirib.

“Kanalın bağlanması məzmununa görə deyil, daha çox İsrail hökumətinin ölkənin yeni xarici yayım qanunundan sui-istifadə etməsinə əsaslanıb,” Eaton əlavə edib.

“Biz İsrail hakimiyyətini avadanlığımızı geri qaytarmağa və canlı yayımı dərhal bərpa etməyə icazə verməyə çağırırıq ki, bu mühüm vizual jurnalistikanı bütün dünyada minlərlə media orqanına təqdim etməyə davam edək,” Eaton bildirib.

Associated Press-in məlumatına görə, İsrail Rabitə Nazirliyinin rəsmiləri çərşənbə axşamı günortadan sonra AP-nin İsrailin cənubunda Sderot şəhərindəki yerinə gəlib və avadanlıqları müsadirə ediblər. Rəsmilər Associated Press-ə rabitə naziri Şlomo Karhi tərəfindən imzalanmış və gentliyin İsrailin xarici yayımçılarla bağlı yeni qanununu pozduğunu iddia edən sənədi təqdim ediblər.

Qanun İsrail hökumətinə milli təhlükəsizliyə təhdid hesab edilən xarici xəbər agentliklərini müvəqqəti bağlamağa icazə verir.

İsrail mayın əvvəlində Əl-Cəzirə kanalını bağlamaq üçün qanundan istifadə edib. İsrailin bu addımı mətbuat azadlığı qrupları tərəfindən geniş şəkildə pislənib.

Avadanlıq ələ keçirilməzdən bir müddət əvvəl Associated Press Qəzzanın şimalının ümumi görünüşünü yayımlayırdı.

Forum

XS
SM
MD
LG