Accessibility links

AXCP fəalının 30 sutka həbsə məhkum edildiyi bildirilir


İmran Qurbanlı
İmran Qurbanlı

Mayın 22-də Naxçıvan şəhər Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şərur rayon şöbəsinin fəalı İmran Qurbanlını inzibati qaydada 30 sutka həbsə məhkum edib.

O İnzibati Xətalar Məcəlləsinin 535.1 (Polisin qanuni tələbinə tabe olmamaq) maddəsi ilə günahlı bilinib.

Bu barədə AXCP Naxçıvan Muxtar Respublikası (MR) təşkilatının sədri Yaşar Bağırsoy Amerikanın Səsinə bildirib.

Onun fikrincə, Qurbanlının polisin tələbinə tabe olmamaqda günahladırılması tam qərəzlidir.

“İmran Qurbanlının 60 yaşı var. O çox ədəbli və sakit bir insandır. İttiham tam siyasidir. Onun həbsi sosial şəbəkələrdəki tənqidi statusları ilə bağlıdır”, Bağırsoy qeyd edib.

İmran Qurbanlı mayın 21-də Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şərur Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Yaşar Bağırsoyun dediyinə görə, İmran Qurbanlı iyirmi ildən çoxdur Türkiyədə fəhləliklə məşğuldur.

“O, ailəsini İstanbulda fəhləliklə qazandığı vəsaitlə dolandırır. Qurbanlı ildə bir neçə dəfə ailəsinə baş çəkir. İndi də mayın 18-də Şərurda yaşayan ailəsinə baş çəkmək üçün gəlmişdi”, o qeyd edib.

Öz növbəsində, Daxili İşlər Nazirliyi AXCP fəalının inzibati həbsə məhkum edilməsi barədə hələ məlumat yaymayıb. Bununla yanaşı, nazirliyin Mətbuat xidməti bir qayda olaraq insanların özünü müdafiə məqsədi ilə siyasi bəyanatlar verdiyini bildirir.

Forum

XS
SM
MD
LG