Accessibility links

Umud Şükri: İranda ən az İbrahim Rəisi qədər sərt-xətt tərəfdarı birinin növbəti prezident seçiləcəyini düşünürəm


Umud Şükri
Umud Şükri

Beynəlxalq əlaqələr və enerji geosiyasəti üzrə ekspert Umud Şükri Amerikanın Səsinə söhbətində helikopter qəzasında ölən prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmirabdullahiyan dönəmində İranın xarici siyasəti və iqtisadi vəziyyətini dəyərləndirib.

Umud Şükri: İranda ən az İbrahim Rəisi qədər sərt-xətt tərəfdarı birinin növbəti prezident seçiləcəyini düşünürəm
please wait

No media source currently available

0:00 0:11:50 0:00
Direct link

“İranda xarici siyasət, müdafiə və kəşfiyyat ilə bağlı ümumi siyasətlər dini lider Xameneyi tərəfindən dizayn edilir. Prezident kim olursa olsun və ya xarici işlər naziri kim olursa olsun, dini liderin xəttində yürümək məcburiyyətindədirlər. Yəni, Rəisi və Əmirabdullahiyanın ölümü ilə xarici siyasətdə, yəni İranın qonşuları ilə olan siyasəti, Qərb ilə, Rusiya və Çin ilə olan əlaqələrində dəyişiklik gözləmək olmaz,” Şükri söyləyir.

O, prezident Rəisi dönəmində xarici əlaqələr sahəsində dəyişikliklərin çoxluqla Rəisinin iradəsindən kənar baş verdiyini vurğulayır:

“Rəisi dönəmində İranın həm regional əlaqələri, həm Qərb, Rusiya və Çin ilə əlaqələrinə göz gəzdirsək, aktiv bir dönəm idi. Amma, məsələn Ərəbistan ilə olan əlaqələrin normallaşması Rəisinin istəyindən daha çox Çinin basqısı ilə oldu. Çinin milli maraqları bunu gərəkdirirdi ki, Ər-Riyad və Tehran problemləri bəlli çərçivədə çözsünlər. Onun üçün başqa biri də prezident olsaydı, Çinin basqısı ilə olacaq idi bu.”

Ekspertin dediklərinə görə, İbrahim Rəisinin hakimiyyət dönəmində İranın neft satışı artsa da bu, iqtisadi vəziyyət və inflyasiyaya təsir etməyib.

“Rəisi dönəmində İran daha çox neft satmağa başladı. Ancaq, nefti Çinə çox ucuza və endirimlə satırdı. Pulunu da rahat ala bilmirdi. İran məcbur idi Çindən bir sıra məhsullar alsın ki, onlar da çox keyfiyyətli məhsullar deyildi. Yəni, alınan pul da bəlli deyildi, satılan qiymət də bəlli deyildi ki, İran hər bareli neçəyə satır və pulunu necə alır. Onun üçün, iki ildə neft satışı çoxalsa da insanlar iqtisadiyyatın yaxşılaşdığını görmədi. İqtisadiyyat daha pisləşdi, inflyasiya daha yüksəldi. Bir də keçən bu iki-üç ildə Rəisi gələndən sonra nə qədər iranlı gənc istər qaçqın olaraq, istər təhsil yolu ilə İrandan ayrıldı, ona da baxmaq lazımdır,” deyə enerji eksperti bildirib.

Umud Şükri hesab edir ki, İslam Respublikası qarşıdan gələn prezident seçkilərində seçici fəallığını yüksəltmək üçün ölkə daxilində nisbi bir rəqabət meydanı aça bilər, ancaq Rəisinin yerinə gələcək prezident ən az onun qədər sərt-xətt tərəfdarı bir siyasətçi olacaq.

“Yeni prezident məncə yenə Rəisi səviyyəsində birisi olacaq. Yəni, radikal mühafizəkar biri. Reformist birinin namizədliyinin Konstitusiyanı Qoruma Şurasından keçməsi çətin olacaq. İslam Cümhuriyyəti yeni bir siyasət izləyərək dünyaya yeni bir mesaj vermək istəsə, hə, o zaman reformist bir prezidentin seçilmə ehtimalı var. Məncə bu ən düşük ehtimaldır. Rəisi kimi birisinin seçilməsi, ya da Rəisidən daha da sərt-xətt tərəfdarı birinin gəlmə ehtimalı daha çoxdur,” deyə Umud Şükri əlavə edib.

Forum

XS
SM
MD
LG