Accessibility links

BMT məhkəməsinin İsrailə hücumu dayandırmasını əmr etməsindən sonra İsrail Rəfaha zərbə endirib


BMT məhkəməsinin İsrailə Rəfahda hərbi əməliyyatlarını dayandırmasını əmr etməsindən bir gün sonra, İsrail şənbə günü Qəzza zolağının cənubundakı şəhəri bombalayıb. Bu arada isə Parisdə HƏMAS-ın 7 oktyabr hücumundan sonra başlayan müharibədə atəşkəslə bağlı danışıqlar aparılır.

Beynəlxalq Ədalət Məhkəməsi həmçinin fələstinli militantların saxladığını bütün girovların dərhal azad edilməsini tələb edib. Bu, İsrail ordusunun qoşunlarının Qəzzanın şimalında daha üç girovun cəsədini tapdığını bildirməsindən bir neçə sonraya təsadüf edib.

Haaqada yerləşən məhkəmə həmçinin İsrailə bu ayın əvvəlində şəhərə hücumuna başladığı zaman bağladığı Misirlə Qəzza arasındakı Rəfah keçidini açıq saxlamağı əmr edib.

İsrail Rəfahda kursunu dəyişməyə hazırlaşdığına dair heç bir işarə verməyərək, məhkmənin səhv qərar çıxardığını təkid edib.

“İsrail fələstinli mülki əhalinin məhvinə gətirib çıxaraxaq yaşayış şəraiti yaradacaq hərbi əməliyyatlar həyata keçirməyib, keçirməyəcək,” milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbu İsrail xarici işlər nazirliyinin sözçüsü ilə ortaq bəyanatında bildirib.

2007-ci ildən bəri Qəzzaya rəhbərlik edən fələstinli militant qrup HƏMAS Beynəlxalq Ədalət MƏhkəməsinin Rəfahla bağlı qərarını alqışlayıb, amma Qəzzanın başqa hissələrinin qərar daxil edilməməsini tənqid edib.

Beynəlxalq Ədalət Məhkəməsinin qərarından saatlar sonra İsrail bazar günü Qəzza zolağına zərbələr endirib, İsrail ordusu ilə HƏMAS-ın silahlı qolu arasında döyüşlər isə davam edib.

Fələstinli şahidlər və AFP komandaları İsrailin Rəfah və mərkəzdə yerləşən Deir Əl-Balah şəhərinə zərbələr endirdiyi barədə məlumat verib.

“Biz ümid edirik ki, məhkəmənin qərarı İsrailə məhv etmə müharibəsinə son qoyması üçün təzyiq göstərəcək, çünki burada artıq heç nə qalmayıb,” müharibə səbəbilə Deir əl-Balha sığınan əslən Qəzza şəhərindən olan fələstinli qadın Um Məhəmməd Əl-Əşqa deyib.

“Ancaq İsrail özünün qanundan üstün hesab edən bir ölkədir. Ona görə də mən atışma və ya müharibənin gücdən başqa yolla dayandırılacağını düşünmürəm,” Qəzza zolağnın mərkəzində yerləşən şəhərdə AFP-yə danışan Məhəmməd Saleh deyib.

Qəzza müharibəsi HƏMAS-ın oktyabrın 7-də, İsrail ordusunun rəsmi məlumatına görə, əksəriyyəti mülki şəxs olmaqla, 1170-dən çox insanı ölümü ilə nəticələnən hücumundan sonra başlayıb.

Militantlar həmçinin 252 nəfəri girov götürüb ki, onlardan 121 hələ də Qəzzadadır. Ordu onlardan 37-nin artıq öldüyünü deyir.

HƏMAS-ın idarə etdiyi Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə isə, İsrailin cavab hücumu nəticəsində Qəzzada, əksəriyyəti qadın və uşaq olmaqla, 35 800-dən çox insan öldürülüb.

Paris görüşləri

Məhkəmə qərarı Parisdə ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) başçısı ilə İsrail nümayəndələri, habelə Fransa Prezidenti Emmanuül Makronla dörd əsas ərəb ölkəsinin xarici işlər nazirləri arasında Qəzza münaqişəsi ilə bağlı iki ayrı görüşdən öncəyə təsadüf edib.

ABŞ, Misir və Qətərdən vasitəçilərinin iştirakı ilə aparılan atəşkəs danışıqları İsrailin Rəfah əməliyyatına başlamasından qısa müddət sonra sonlanıb. Bununla belə Baş nazir Benyamin Netanyahunin ofisi bu həftə bildirib ki, müharibə kabineti İsrailin nümayəndə heyətindən “girovların qaytarılması üçün danışıqları davam etməyi” istəyib.

Məsələ ilə yaxından tanış olan Qərb mənbəsinin məlumatına görə, CIA başçısı Bill Burnsun danışıqları bərpa etmək üçün Parisdə israilli nümayəndələrlə görüşü planlaşdırılırdı.

Fransa Prezidenti Emmanuel Makron isə cümə günü “atəşkəsə çağırış etmək” üçün Qətər və Səudiyyə Ərəbistanı baş nazirləri, eləcə də Misir və İordaniya xarici işlər nazirləri ilə görüşüb.

Fransa prezidenti onların Qəzza müharibəsi və İsraillə yanaşı Fələstin dövləti qurmağın yolları ilə bağlı danışıqlar apardığını bildirib.

Forum

XS
SM
MD
LG