Accessibility links

Xarkivdə tikinti hipermarketi atəşə tutulub, ölənlər var


Rusiya qoşunları şənbə günü Xarkivi atəşə tutub. Bu barədə şəhər meri İhor Terexov bildirib. “Episentr” tikinti hipermarketi atəşə tutulub.

Ən azı iki nəfərin öldüyü bildirilir. Xəsarət alanların sayı 35-ə çatıb. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, ən azı 15 nəfər itkin düşüb.

“Görünür, hücum xüsusi olaraq insanların çox olduğu ticarət mərkəzinə edilib - bu, açıq-aydın terrorizmdir” - şəhər meri yazıb.

Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, ölənlərdən ikisi hipermarket işçisi olub. Daha 11 işçi itkin düşüb.

Xarkiv vilayəti administrasiyasının rəhbəri Oleh Sinehubov bildirib ki, tikinti hipermarketinə iki idarə olunan bomba atılıb. Onun sözlərinə görə, 15 min kvadratmetr sahədə yanğın baş verib.

Bundan əlavə şəhərin Mərkəzi Parkı da atəşə tutulub. “Zərbə\ idman meydançasının yaxınlığında yerə endrilib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb,” Terexov bildirib.

Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, hücum anında hipermarketdə 200-dən çox insan olub.

“Rusiya şənbə günü, günün ortasında bizim Xarkivimizə - tikinti hipermarketinə daha bir amansız zərbə endirdi [...] Əgər Ukraynanın kifayət qədər hava hücumundan müdafiə sistemləri və müasir döyüş təyyarələri olsaydı, Rusiyanın bu cür zərbələri sadəcə olaraq qeyri-mümkün olardı,” Zelenski yazıb.

O, dünya liderlərini yenidən Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri verməyə çağırıb. “Biz hər gün dünyaya səslənirik: bizə hava hücumundan müdafiə sistemləri verin, insanları xilas edin. Dəstəklə bağlı qəbul olunmayan hər bir qərar xalqımız üçün itkidir,” Ukrayna prezidenti bildirib.

Bu, bir gündə ikinci dəfədir ki, Xarkiv atəşə tutulur: mayın 25-nə keçən gecə rus qoşunları Xarkivin Slobodski rayonuna hücum edib. Mer İhor Terexov bildirib ki, S-300 raketinin atılması nəticəsində bir təhsil müəssisəsinin emalatxanası dağılıb, 31 avtomobil zədələnib, ətrafdakı bir neçə hündürmərtəbəli binanın şüşələri sınıb, supermarketə ziyan dəyib.

Forum

XS
SM
MD
LG