Accessibility links

İctimai fəalın 3 gündür həbsxanada aclıq aksiyası keçirdiyi bildirilir


Laçın Vəliyev
Laçın Vəliyev

İctimai fəal Laçın Vəliyev 10 saylı Cəzaçəkmə Müəssisəsində 3 gündür ki, aclıq etdiyi bildirilir. Bu barədə onun həyat yoldaşı Zülfiyə Vəliyeva məlumat verib.

O bildirib ki, fəal Avropa İnsan Hüquqları Məhkəməsinin təyin etdiyi kompensasiyanı almaq üçün etibarnamənin həyat yoldaşına verilməsinin qadağan olunmasına etiraz məqsədilə aclıq edir.

“Həm də Laçın böyrək xəstəliyilə bağlı ona tibbi yardım göstərilməsinə imtina edildiyi üçün etiraz edir. Səhhəti də yaxşı deyil, vəziyyəti pisləşib”, o deyib.

Yoldaşı Laçın Vəliyevin digər məhbuslardan təcrid olunmadığını bildirib.

Penitensiar Xidmətdən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.

Laçın Vəliyev 2021-ci ilin martında "külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi" ittihamı ilə həbs edilib. Sonradan ona qarşı "dələduzluq" ittihamı irəli sürülüb və o, 7,5 il həbs cəzasına məhkum edilib.

Hüquq müdafiəçiləri hesab edir ki, Vəliyevin həbsinin əsl səbəbi müxalifyönlü fəaliyyətidir. O, əvvəl Müsavat Partiyasının üzvü, sonradan isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının tərəfdarı olub.

Laçın Vəliyev 15 iyul 2020-ci ildə Bakıda keçirilən küçə mitinqlərindən sonra saxlanılıb. 2023-cü ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsi Vəliyevin məhkəmədən əvvəlki ilkin həbsini qanunsuz sayaraq, ona 3500 avro kompensasiya ödənilməsini qərara alıb.

Azərbaycan dövləti Laçın Vəliyevin hüquqlarının pozulmasını birtərəfli qaydada tanıyıb və mənəvi ziyanı ödəməyə hazır olduğunu bildirib.

Forum

XS
SM
MD
LG