Accessibility links

Ukrayna Rusiyanın 13 pilotsuz təyyarəsini vurduğunu bildirir


Ukrayna ordusu çərşənbə günü bildirib ki, ölkənin qərb, mərkəz və cənub bölgələrini hədəf alan Rusiya pilotsuz təyyarələrini vurub. Digər tərfədən Rusiya raketi Sumi bölgəsində azı iki nəfərin həyatına son qoyub.

Ukrayna Hərbi Hava Qüvvələri Mikolayiv, Kirovohrad və Rivne vilayətlərinə gecə ərzində baş verən hücumlarda istifadə edilən 14 Rusiya pilotsuz təyyarəsindən 13-nün qarşısı alındığını bildirib.

Mikolayiv vilayətinin qubernatoru Vitali Kim xəbər verib ki, hava hücumundan müdafiə qüvvələri onun yaşadığı ərazidə pilotsuz uçan aparatlardan 11-ni vurub. Lakin Kim, dronların vurduğu zərər və xəsarətlər barədə məlumat verməyib.

Digər tərəfdən isə Rusiyanın Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev çərşənbə günü hava hücumundan müdafiə qüvvələrinin Armavir şəhəri üzərində Ukraynaya məxsus pilotsuz uçuş aparatını vurduğunu bildirib.

Bu arada, İsveç çərşənbə günü Ukraynaya radar kəşfiyyatı və komandanlıq təyyarələri, artilleriya sursatları və zirehli maşınlar daxil olmaqla 1,2 milyard dollarlıq hərbi yardım paketi elan edib.

Baş nazirin müavini Ebba Buş deyib: "Bu, Ukraynanın prioritetlər siyahısında ilk sırada olan avadanlıqlardan ibarətdir".

Ukrayna prezidenti Volodimir Zelenski çərşənbə axşamı bir daha ABŞ prezidenti Co Baydenin Rusiya prezidenti Vladimir Putinə və digər dünya liderlərinə mesaj göndərmək üçün gələn ay İsveçrədə keçiriləcək sülh sammitində iştirak etməli olduğunu bildirib.

Brüsseldə Belçikanın Baş naziri Aleksandr De Kroo ilə birgə mətbuat konfransında danışan Zelenski, 15 və 16 iyun tarixlərində keçirilməsi planlaşdırılan sülh sammitinin “bütün dünya tərəfindən təşkil ediləcəyini” və digər liderlərin ABŞ-ın cavabını gözləyəcəyini bildirib.

O, 90 ölkənin zirvəyə sadiq qaldığını və Putinin bundan qorxduğunu, çünki bu qədər çox xalqın onu dəstəkləyəcəyinə heç vaxt inanmadığını deyib.

"[Putin] bu sammiti pozdu və pozmaqda davam edir. Ona görə də indi paralel platforma qurmağı düşünür" deyən Zelenski əlavə edib ki, Putin Baydenin sammitdə iştirak etməməsini alqışlayacaq.

Ağ Ev, Baydenin sözügedən konfransda iştirakı ilə bağlı öhdəlik götürmür və o, Yeddilik Qrupunun aparıcı sənayeləşmiş ölkələri arasında dəvəti qəbul etməyən yeganə liderdir.

Forum

XS
SM
MD
LG